2025-ci ildə Antalyada aslan hücumuna məruz qalaraq sağ qalan Süleyman Kır İstanbulun Sarıyer rayonunda axtarılan qaçmış aslanla bağlı sakinləri ehtiyatlı olmağa çağırıb.
Sherg.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Süleyman Kır ötən il Manavqat rayonunda tarlasında suvarma işləri apararkən heyvan parkından qaçan “Zeus” adlı aslanın hücumuna məruz qalıb. O, yırtıcı ilə 10-15 dəqiqə mübarizə apardığını, onun pəncələrindən tutaraq boğazını sıxdığını bildirib. Hadisədən sonra beş gün intensiv müalicə alan Kır sağalıb.
İstanbulda aslanın qaçması ilə bağlı xəbərləri izlədiyini deyən Kır sakinlərə ehtiyatlı davranmağı tövsiyə edib. O, aslanın dişlərinin və pəncələrinin olmadığı barədə məlumatlara baxmayaraq, təhlükəsizlik tədbirlərinə ciddi yanaşmağın vacibliyini vurğulayıb.
Kır həmçinin aslan kimi güclü və yırtıcı heyvanların ev şəraitində saxlanılmasına qarşı çıxıb. Onun fikrincə, belə heyvanların şəxsi qaydada bəslənməsinə icazə verilməməlidir.