Rumıniyadan havaya qalxan Beech King Air 350ER xüsusi təyinatlı təyyarəsi Qara dəniz üzərində patrul uçuşu həyata keçirir.
Sherg.az xəbər verir ki, bu barədə “RİA Novosti” uçuş məlumatlarına istinadən məlumat yayıb.
Məlumata görə, təyyarə Rumıniyanın Mixail Koqelniçanu adına Konstansa Beynəlxalq Hava Limanından havaya qalxaraq cənub-şərq istiqamətində hərəkət edib. Moskva vaxtı ilə saat 18:08 radələrində Qara dənizin hava məkanına daxil olan təyyarə bundan sonra akvatoriya üzərində uçuşunu davam etdirib.
Nəşr qeyd edir ki, Beech King Air 350ER Rumıniya hakimiyyəti tərəfindən xüsusi tapşırıqlar, o cümlədən kəşfiyyat missiyaları üçün istifadə olunur.
Xatırladaq ki, noyabrın 25-də ABŞ-yə məxsus Bombardier Artemis II kəşfiyyat təyyarəsi də Rumıniyadakı aviabazadan havaya qalxaraq Qara dəniz və sahilyanı ərazilər üzərində təxminən səkkiz saat uçuş həyata keçirmişdi.