Türkiyənin Bolu bölgəsində itkin düşən 10 qız uşağı və 3 əməkdaşın tapıldığı marşrutun dar, nahamar və təhlükəli olduğu, ərazinin bəzi hissələrində mobil telefonların işləmədiyi məlum olub.
Sherg.az xəbər verir ki, Kocaelidən Bolunun Yedigöllər Milli Parkına ekskursiyaya gedən 14-17 yaşlı 10 qız və 3 nazirlik əməkdaşı geri qayıdarkən əsas yoldan çıxaraq meşə yoluna düşüblər. Mikroavtobus palçığa batdığından hərəkət edə bilməyib, ərazidə telefon əlaqəsinin olmaması isə onlarla rabitənin kəsilməsinə səbəb olub.

Hadisənin baş verdiyi ərazidə meşə təsərrüfatı işləri aparan Səadəddin Öztürk yolun vəziyyətinin olduqca pis olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə su anbarının aşağı hissəsindəki təxminən 4 kilometrlik yol sahəsi avtomobillərin hərəkəti üçün əlverişsizdir.
Öztürk qeyd edib ki, həmin ərazidə yol dar, dağlıq və nahamardır, bəzi hissələrdə isə mobil telefonlar ümumiyyətlə çəkmir. O, sürücünün Yığılca istiqamətini göstərən nişanı görərək həmin yolla Kocaeliyə çata biləcəyini düşündüyünü ehtimal edib.
Məlumata görə, mikroavtobusun keçdiyi təxminən 15 kilometrlik marşrutun böyük hissəsi palçıqlı və uçurumlarla əhatə olunub. Avtomobilin ilişib qaldığı ərazi dron vasitəsilə də havadan görüntülənib.

Axtarış-xilasetmə əməliyyatına 178 nəfər cəlb olunub. Qruplar ərazini qurudan və havadan yoxlayıb, pilotsuz uçuş aparatları və termal kameralardan istifadə ediblər. Xilasedicilər nəhayət avtomobilin təkər izlərini izləyərək uşaqlara və əməkdaşlara çatıblar.
Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş onların hamısının sağ-salamat tapıldığını, səhhətlərinin yaxşı olduğunu açıqlayıb. Uşaqların ayaqlarına plastik torbalar bağlayaraq palçıqdan qorunmağa çalışdıqları da bildirilib.

Mikroavtobusun sürücüsü uşaqları öz qızlarından ayırmadığını, onları ruhlandıraraq avtomobili işlək və isti vəziyyətdə saxlamağa çalışdığını deyib.