Tramp Putin və Zelenski ilə yaxın vaxtlarda görüş keçirəcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın vaxtlarda görüş keçirməyi planlaşdırdığını bildirib.

Sherg.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Texasdan qayıdarkən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə danışıb. “Tezliklə görüş təşkil olunacaq. Düşünürəm ki, böyük irəliləyiş var”, - deyə Tramp qeyd edib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 21-də ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşündə ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirmişdi.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışıqların noyabrın ikinci ongünlüyündə, ehtimal ki, Əbu-Dabidə keçirilə biləcəyini açıqlamışdı. Kremlin sözçüsü Dmitri Peskov isə görüşün dəqiq tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib.