Trampın “Zelenskini dəyişin” tələbinə Böyük Britaniyadan reaksiya

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq ABŞ Prezidenti Donald Trampın Ukraynada hakimiyyət dəyişikliyinə çağırışından və Rusiya ilə dizel müqaviləsi bağlamasından sonra Kiyevə və şəxsən Prezident Volodimir Zelenskiyə tam dəstəyini ifadə edib.

“Qafqazinfo” “The Guardian” nəşrinə istinadən xəbər verir ki, britaniyalı nazir yalnız Ukrayna xalqının öz ölkəsinə kimin rəhbərlik edəcəyini müəyyənləşdirmək hüququna malik olduğunu vurğulayıb.

Nəşr yazır ki, Trampın son kəskin çıxışları və təzyiqləri Konqresə aralıq seçkiləri öncəsi ABŞ daxilindəki yanacaq qiymətlərinin artması ilə bağlı yaranan siyasi gərginlikdən qaynaqlanır. Müdafiə naziri münaqişənin davam etməsinə görə tam məsuliyyətin Rusiyanın üzərinə düşdüyünü və Londonun məhz bu səbəbdən Kiyevə yardımları kəsilməz şəkildə davam etdirəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, bundan öncə Donald Tramp Volodimir Zelenskinin Rusiya ilə “dil tapmağı bacarmadığını” və “saziş bağlamaq qabiliyyətinin olmadığını” iddia edərək ukraynalılara yeni lider seçməyi tövsiyə etmişdi. Həmçinin Ağ Ev rəhbəri Kiyevin Vaşinqtonun xəbərdarlıqlarına məhəl qoymayaraq Rusiya neft emalı zavodlarını vurmaqda davam etməsindən gileylənmişdi.