Ukraynanın sabiq Baş prokuroru Ruslan Kravçenko xidməti avtomobillə “ezamiyyətə” gedərək ölkəni tərk edib. Bundan sonra o, Telegram kanalında Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) rəhbəri Semyon Krivonosu ittiham edən videolar yayımlayıb.
Sherg.az xəbər verir ki, Ukrayna mediasının məlumatına görə, Kravçenko sentyabrın 14-nə keçən gecə Polşa ilə sərhəddəki keçid məntəqəsindən ölkəni tərk edib. Onun həyat yoldaşı isə sentyabrın 12-də Moldova istiqamətində sərhədi keçib.
Kravçenko bundan əvvəl “Karfagen” əməliyyatı çərçivəsində korrupsiya qalmaqalının mərkəzində olub. NABU əməkdaşları sentyabrın 4-də onun kabinetində axtarış apararkən boş zərflər və 200 min qrivna dəyərində kişi geyimləri mağazasının hədiyyə sertifikatları aşkarlayıblar. NABU-nun versiyasına görə, Baş Prokurorluğun bir qrup əməkdaşı hər bir qanunsuz çağrı mərkəzindən ayda 24 min dollar qarşılığında himayə edib.
Ukrayna mediasının mənbələri bildiriblər ki, Kravçenko ölkədən getməzdən əvvəl Vladimir Zelenski ilə görüşüb. İddialara görə, onun xaricə çıxmasına icazə verilməsi müqabilində Kravçenkodan NABU rəhbəri Semyon Krivonos və Xüsusi Antikorrupsiya Prokurorluğunun rəhbəri ilə əlaqəli bir şəxs barəsində ittiham aktları imzalaması və NABU ilə SAP rəhbərliyinin istefasını tələb etməsi istənilib.
Kravçenko ölkədən getməzdən əvvəl istefa ərizəsi də yazıb. Baş prokurorun istefası ilə bağlı səsvermənin sabah Ali Radada keçirilməsi gözlənilir.
Ukrayna Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi isə Kravçenkonun ölkədən yalnız Zelenskinin razılığı ilə çıxa bildiyini açıqlayıb. Mərkəz hesab edir ki, Zelenski korrupsiya qalmaqalına düşmüş sabiq Baş prokurordan NABU-ya qarşı mübarizədə istifadə etmək qərarına gəlib.
Kravçenko özü xaricdə olduğunu təsdiqləyib. O, xaricdəki “xidməti ezamiyyət” çərçivəsində bir sıra görüşlər keçirəcəyini və beynəlxalq tərəfdaşları Ukraynanın antikorrupsiya orqanlarında real vəziyyət barədə məlumatlandıracağını bildirib.
Qeyd edək ki, Kravçenko 2017-ci ildən Rusiyada beynəlxalq axtarışdadır. Sentyabrın 8-də onun barəsində axtarış yenilənib və o, qiyabi həbs edilib.