Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu

Uqandada Netanyahunun qətlə yetirilmiş qardaşının abidəsinin açılışı olub.

Teleqraf "The Kampala Post" qəzetinə istinadən xəbər verir ki, Uqandada 1976-cı ildə Entebbe hava limanında girovların xilas edilməsi əməliyyatı zamanı həlak olan İsrail xüsusi təyinatlı qüvvələrinin komandiri Yonatan Netanyahunun abidəsinin açılış mərasimi olub.

Mərasim 50 il əvvəl İsrail bölməsinin tarixin ən məşhur antiterror əməliyyatlarından birini həyata keçirdiyi hava limanının köhnə terminalının yaxınlığında baş tutub. Abidə İsrail Baş naziri Binyamin Netanyahunun böyük qardaşı, leytenant-polkovnik Yonatan "Yoni" Netanyahunun şərəfinə ucaldılıb.

Mərasim zamanı Uqanda ordusunun rəhbəri general Muhuzi Kainerugaba Netanyahunu cəsarət, vəzifə və fədakarlıq simvolu adlandırıb və həlak olan girovların xatirəsini ehtiramla yad edib.

Entebbe əməliyyatı, 27 iyun 1976-cı ildə Təl-Əvivdən Parisə uçan Air France təyyarəsinin Fələstinin Azadlığı Uğrunda Xalq Cəbhəsi üzvləri tərəfindən qaçırılmasından sonra başlayıb. Afinada dayandıqdan sonra təyyarə Uqandaya uçub.

4 iyul 1976-cı ildə İsrail xüsusi təyinatlı qüvvələri Entebbedə əməliyyat keçirərək 100-dən çox girovu azad edib. Qrupun komandiri Conatan Netanyahu əməliyyat zamanı öldürülüb.

Əməliyyat İsrail silahlı qüvvələrinin tarixində ən məşhur epizodlardan birinə çevrilib və bu günə qədər tarixi və siyasi müzakirə mövzusu olaraq qalır.