Avropada anomal istilər taxılın məhsuldarlığına zərbə vurdu

İyunda Avropanı bürüyən anomal isti hava şəraiti taxıl məhsulunun dəyərinin 2 milyard avrodan çox azalmasına səbəb olub.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşri Avropa taxıl treyderlərinin “Coceral” assosiasiyasının məlumatlarına əsasən yazıb.

Məlumata görə, ən böyük zərəri Fransa və Macarıstan çəkib.

İsti hava dalğasının başlamasından sonrakı dörd həftədə Avropa İttifaqı və Böyük Britaniyada taxıl istehsalı üzrə proqnoz təxminən 9 milyon ton azaldılıb.

Ekspertlər buğda, arpa, qarğıdalı və digər taxıl bitkiləri üzrə məhsul itkisindən yaranan zərəri təxminən 2,1 milyard avro həcmində qiymətləndiriblər. Bu göstərici proqnozlaşdırılan məhsul dəyərinin təxminən 5%-nə bərabərdir.

Qarğıdalı istehsalı üzrə proqnoz isə Aİ və Böyük Britaniya üçün 57,2 milyon tondan 52,7 milyon tona endirilib.

Taxıl məhsuluna dəyən ümumi zərərin təxminən yarısı Fransanın payına düşüb. Bu ölkə üzrə məhsul proqnozu 4,1 milyon ton (təxminən 891 milyon avro) azaldılıb. İtkilərin əsas hissəsi qarğıdalının payına düşüb.

Zərərin həcminə görə ikinci yerdə Macarıstan qərarlaşıb. Bu ölkədə taxıl məhsulu üzrə proqnoz 2,4 milyon ton azaldılıb və bunun dəyəri təxminən 444 milyon avro qiymətləndirilib.

İspaniyada itkilər 1,4 milyon ton (276 milyon avro), Almaniyada isə eyni həcmdə 233 milyon avro təşkil edib.