Natron gölü dünyanın ən qeyri-adi və təhlükəli göllərindən biri hesab olunur. Yüksək miqdarda natrium karbonat və minerallar səbəbindən gölün suyu olduqca qələvidir və pH səviyyəsi bəzən 10,5-ə qədər yüksəlir.
Sherg.az xəbər verir ki, bölgədəki Ol Doinyo Lengai vulkanının təsiri ilə suyun temperaturu zaman-zaman 60 dərəcəyə çatır. Bu kimyəvi quruluş gölə düşən quş və kiçik heyvanların bədənlərinin zamanla quruyaraq daşlaşmış kimi görünməsinə səbəb olur.
Fotoqraf Nick Brandtin 2013-cü ildə çəkdiyi görüntülərdən sonra Natron gölü dünya mediasında geniş maraq doğurub. Şəkillərdə quş və yarasaların sanki heykələ çevrildiyi görünür.
Bütün sərt şərtlərə baxmayaraq, göl kiçik flaminqolar üçün mühüm çoxalma məkanı sayılır. Yüksək duzluluq və qələvilik yırtıcıların yaxınlaşmasını çətinləşdirdiyi üçün bu ərazi quşlar üçün təhlükəsiz mühit yaradır.