Quraqlıq, sel və iqlim xaosu: El-Ninyo yenidən dünyanı hədəfə aldı

Dünyanın müxtəlif meteoroloji mərkəzləri 2026-cı ilin yayının son illərin ən isti mövsümlərindən biri ola biləcəyi barədə xəbərdarlıq edir.

 “Severe Weather” bildirib ki, Avropa və Asiyada temperatur rekordlarının yenilənəcəyi ehtimalı müzakirə olunur. İqlim mütəxəssisləri bildirirlər ki, xüsusilə Avropada “istilik qübbəsi” adlanan atmosfer hadisələri uzunmüddətli və güclü isti hava dalğalarına səbəb ola bilər.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatı yaxın 5 ildə qlobal temperaturun rekord səviyyələrə çatacağını açıqlayıb.

Təşkilatın Böyük Britaniya Meteorologiya Xidməti ilə hazırladığı hesabatda 2026-2030-cu illərdə orta temperaturun sənayeöncəsi dövrlə müqayisədə 1,5 dərəcə yüksək olmasının böyük ehtimalla gözlənildiyi bildirilib. Hesabatda xüsusilə 2026-cı ilin sonlarında yaranacağı gözlənilən El Ninyo təsirinin 2027-ci ilin yeni istilik rekordu qırma ehtimalını artırdığı vurğulanıb.

Mütəxəssislər Arktikada temperatur artımının davam edəcəyini, bəzi bölgələrdə isə yağıntı rejiminin dəyişə biləcəyini qeyd ediblər.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Sherg.az-a bildirib ki, El-Ninyo hadisəsi Sakit okeanda baş verən iri miqyaslı təbii iqlim prosesidir və əsasən Cənubi Amerikanın qərb sahillərində okean sularının, xüsusilə səth qatının kəskin istiləşməsi ilə müşahidə olunur.

R.Abbasovun sözlərinə görə, El-Ninyo təkcə okeanla məhdudlaşmır, dünyanın müxtəlif bölgələrində hava şəraitinə ciddi təsir göstərir: “Avstraliya və Kanadada quraqlıq yarandığı halda, Cənubi Amerikanın qərb sahillərində əvvəllər quraq olan ərazilərdə intensiv yağışlar müşahidə olunur. Bu iqlim hadisəsinin təsiri Afrika və Hindistana qədər uzanır. Ümumilikdə El-Ninyo bir çox quraq bölgələrə güclü yağıntılar gətirir, yağıntılı ərazilərdə isə əksinə, quraqlıq yaradır. Bununla yanaşı, bəzi bölgələrdə fərqli nəticələr də ortaya çıxır. Məsələn, Hindistanın şərq sahillərində yağışların daha da artdığı müşahidə edilir”.

Ekspertin fikrincə Azərbaycan bu iqlim zonasından kifayət qədər uzaqda yerləşdiyi üçün birbaşa təsiri hələ elmi şəkildə sübut olunmayıb.