Səhiyyə Nazirliyindən isti havalarla bağlı əhaliyə xəbərdarlıq

Türkiyə Səhiyyə Nazirliyi yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar vətəndaşlara sağlamlıqlarını qorumaq üçün bir sıra tövsiyələr verib.

Sherg.az xəbər verir ki, nazirlik yüksək temperatur və rütubətin orqanizmdə maye və mineral itkisinə səbəb ola biləcəyini, bunun isə halsızlıq, ürəkbulanma, başgicəllənmə və huşunu itirmə kimi problemlər yarada biləcəyini bildirib. Xroniki xəstələr, azyaşlı uşaqlar, 65 yaşdan yuxarı şəxslər, hamilələr və açıq havada çalışanların risk qrupuna aid olduğu vurğulanıb.

Məlumata görə, yay aylarında susuzluq hissini gözləmədən gün ərzində kifayət qədər su içmək vacibdir. Yetkin insanlar üçün gündə orta hesabla 2,5–3 litr su qəbul edilməsi tövsiyə olunur. Maye ehtiyacını ödəmək üçün qazlı içkilər əvəzinə ayran, az yağlı süd və təbii meyvə şirələrinə üstünlük verilməsi məsləhət görülür.

Nazirlik həmçinin açıq rəngli və yüngül geyimlərdən istifadə etməyi, sərinləmək üçün ilıq duş qəbul etməyi, günün ən isti saatlarında açıq havada uzun müddət qalmamağı və istilik vurmasının əlamətləri hiss olunduqda dərhal tibbi yardım almağı tövsiyə edib.