Avropanı təsiri altına alan isti hava dalğasının yaxın günlərdə Türkiyədə də temperaturun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacağı bildirilir.
Sherg.az xəbər verir ki, CNN Türk-ün meteorologiya üzrə məsləhətçisi Orhan Şen iyulun son həftəsindən etibarən ölkədə yeni isti hava dalğasının müşahidə olunacağını açıqlayıb.
Onun sözlərinə görə, iyulun 20-dən sonra İstanbulda temperaturun 33-35 dərəcəyə, Egey bölgəsində isə 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Xüsusilə havanın quraq keçməsi və rütubətin 20 faizdən aşağı düşməsi meşə yanğınları riskini artıracaq.
Mütəxəssis saat 12:00-15:00 aralığında birbaşa günəş altında qalmağın təhlükəli olduğunu vurğulayaraq yüksək günəş radiasiyasına qarşı ehtiyatlı olmağa çağırıb. Yaşlılar, uşaqlar, xroniki xəstələr və hamilə qadınlara zəruri olmadıqca açıq havada uzun müddət qalmamaq və bol maye qəbul etmək tövsiyə olunur.
Orhan Şen həmçinin bildirib ki, Aralıq dənizi və Avropanın qərb sahillərində dəniz suyunun temperaturunun yüksəlməsi avqust və sentyabr aylarında ekstremal hava hadisələrinin baş vermə ehtimalını artırır. Onun sözlərinə görə, yaxın aylarda güclü fırtınalar, daşqınlar, leysan yağışlar və yeni isti hava dalğaları müşahidə oluna bilər.