Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır

  • “Balıq resursları azalır, turizm risk altındadır”

Xəzərdə son günlər batma halları dənizin dibi ilə bağlı müəmmaların ortaya çıxmasına səbəb olub. Xüsusən də dənizin qumunun daşınmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra “dənizə girənlər çuxura düşərək boğulurmu”, sualına cavab axtarılır.

Bəzi mütəxəssislər bu fikirdədir ki, dənizin qumunun ekskavatorlarla çıxarılması və daşınması Xəzərin relyefini dəyişir, dənizin alt təbəqəsində çuxurlar əmələ gəlir, dalğaların sürəti də dəyişir, dalğaların təbii hərəkəti - sahilə yaxınlaşarkən sürətin azalması baş vermir artıq, dalğalar dənizin ortasında da, sahildə də eyni sürətlə hərəkət edir, bu da dənizdə çimənlərə əlavə çətinlik yaradır. 

Ekoloq-hidroloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında unudulan ötən günü – 12 avqustun Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü olduğunu xatırlatdı və bildirdi ki, Xəzər dənizin eko-sistemi getdikcə dəyişir: 

- Burada qlobal iqlim dəyişmələrinin də rolu var, insan amilinin də. İqlim dəyişmələri, Xəzərə gələn suların azalması fonunda artan buxarlanma dənizin səviyyəsinin aşağı düşməsinə səbəb olub. Bu isə öz növbəsində zəncirvarı problemlər yaradır. Məsələn, suyun temperaturunun getdikcə istiləşməsi balıq resurslarını azaldır və balıqçı icmalarının gəlirləri aşağı düşür. Sahilin getdikcə "uzaqlaşması" Xəzər dənizi ətrafına turizm məqsədilə qoyulan investisiyaların əhəmiyyətini azaldır və bu sektoru təhlükə altına qoyur. Problemlər çoxdur və onların həlli irimiqyaslı fəaliyyət planlarının işlənilməsindən keçir. Ümid edək ki, Paris razılaşmaları çərçivəsində həyata keçirilən fəaliyyətlər, Xəzər hövzəsində sudan istifadənin azaldılması, su itkilərinin minimuma endirilməsi Xəzərin kiçilməsinin qarşısını alacaq.