Almaniya yenidən dünya çempionatına ev sahibliyi edə bilər

Almaniya 2038 və ya 2042-ci il dünya çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə The Athletic nəşrinə Frankfurt “Ayntraxt”ının baş icraçı direktoru və Almaniya Futbol İttifaqının (DFB) İdarə Heyətinin üzvü Aksel Hellmann açıqlama verib.

O bildirib ki, DFB rəhbərliyi 2042-ci il dünya çempionatına namizədlik vermək istəyir, lakin hər şey FIFA-nın qaydalarından asılı olacaq:

“Biz dünya çempionatına məmnuniyyətlə ev sahibliyi edərik. DFB-də və Almaniya Futbol İttifaqının prezidenti Bernd Noyendorfda 2042-ci il, bəlkə də 2038-ci il mundialına namizədlik vermək istəyi var. Hər şey FIFA-nın reqlamentindən asılıdır.

Almaniyada bunun üçün lazım olan hər şey var – stadionlar, məşq bazaları, nəqliyyat və hotel infrastrukturu. Bununla belə, daha müasir və ya yenilənmiş stadionlara ehtiyacımız var. 2006-cı il dünya çempionatı Almaniyanın dünyadakı imicini tamamilə dəyişdi. Bu, indiyədək keçirdiyimiz ən uğurlu marketinq kampaniyası idi”.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Turnirin bəzi oyunlarına isə Uruqvay, Argentina və Paraqvay ev sahibliyi edəcək. 2034-cü il mundialı isə Səudiyyə Ərəbistanında təşkil olunacaq.