Arda Güler haqqında şaiələr zirvəyə qalxdı, Xabi Alonso hiddətləndi

“Real Madrid”də çıxış edən Türkiyəli milli futbolçu Arda Gülerlə bağlı İspaniyada gündəmə gətirilən iddialardan sonra Xabi Alonsodan açıqlama gəlib.

Sherg.az xəbər verir ki, İspaniya La Liqasında son üç oyunundan heç-heçə ilə ayrılan “Real Madrid” liderliyi “Barselona”ya vermişdi.

Görünür ki, liqada çıxışı dəyişkən olan nəhəng klub son zamanlar oyun qazanmaqda xeyli çətinlik çəkib.

“Real Madrid”in yaşadığı xal itkilərinin ardından Arda Güler də İspaniyada tənqid olunanlar arasında yer almışdı.

İspan jurnalistlər və azarkeşlər 20 yaşlı futbolçunun performansının yetərli olmadığını iddia ediblər.

Eyni zamanda Gülerin komandanın digər yarımmüdafiəçisi Cud Bellinqemlə uyğunlaşmadığına dair iddialar da dolaşmağa başlayıb.

“Real Madrid”in baş məşqçisi Xabi Alonso, “Atletik Bilbao” oyunu öncəsi verdiyi açıqlamada milli futbolçunu müdafiə edib.

44 yaşlı çalışdırıcı deyib:

““Barselona” və “Valensiya” oyunlarından sonra şübhəsi olanlar yəqin ki, bu sualı verməzdi. Komanda olaraq o iki oyundan, yaxşı gedişatdan sonra oyun keyfiyyətimizdə bir az itki oldu, enerjimiz də bir qədər azaldı və hamımız təsirləndik, bütün oyunçular təsirləndi. Amma onlar birlikdə oynaya bilərlər, birlikdə yaxşı oynadılar və yenidən birlikdə oynayacaqlar.”

Bu mövsüm “Real Madrid” forması ilə Klub Dünya Kuboku da daxil olmaqla 25 oyuna çıxan 20 yaşlı Arda Güler 4 qol və 9 asistlə yadda qalıb.