- “Argentinanın mövqeləri türk-islam dəyərləri ilə uzlaşmır”
19 iyulda futbol üzrə Dünya Çempionatının finalında İspaniya və Argentina üz-üzə gələcək. Bu oyun ətrafında müxtəlif fikirlər səslənir. Hətta Argentinanın dünya çempionu edilməsinin əvvəlcədən planlaşdırıldığı barədə iddialar da var. Düzdür, bu fikirlər o qədər də inandırıcı görünmür. Ancaq Messi faktoru, onun həm oyunun gedişinə, həm də hakimlərin qərarlarına psixoloji təsiri, bəzi hallarda hakimlərin Messiyə münasibətdə daha ehtiyatlı davranması uzun illərdir futbol ictimaiyyətində müzakirə olunan məsələlərdəndir.
Həlledici qarşılaşma Azərbaycanda da böyük maraqla gözlənilir. Lakin azarkeşlərin müzakirəsi təkcə meydandakı mübarizə ilə məhdudlaşmır. Cəmiyyətdə iki fərqli yanaşma formalaşıb: bir qisim hesab edir ki, futbol çoxdan siyasətin bir hissəsinə çevrilib və azarkeşlik zamanı milli maraqlar, ölkələrin Azərbaycana münasibəti də nəzərə alınmalıdır. Digərləri isə idmanın siyasətdən ayrı tutulmasının vacibliyini vurğulayaraq, komandalara yalnız futbol meyarları və şəxsi simpatiya əsasında dəstək verilməli olduğunu düşünür. Maraqlıdır, Dünya Çempionatının finalında Azərbaycan azarkeşləri seçimlərini hansı prinsiplər əsasında edəcəklər?
Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov Sherg.az-a bildirib ki, kim iddia edirsə ki, idman, xüsusən də futbol siyasət deyil, yanılır. Onun sözlərinə görə, futbol siyasətdən tamamilə kənar olsaydı, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın beynəlxalq futbol yarışlarından kənarlaşdırılması baş verməzdi: “ Eyni yanaşma müxtəlif dövrlərdə digər siyasi münaqişələr yaşayan ölkələrə münasibətdə də özünü göstərib”.
Dünya Çempionatının finalında Azərbaycan azarkeşləri kimə dəstək verməlidir? Sualən gəldikdə isə V. Dadaşov qeyd edib ki, bu hər kəsin şəxsi seçimidir: “ Ancaq mən futbola həmişə geosiyasi prizmadan da baxdığım üçün seçimimi iki əsas amillə əsaslandırıram. Birincisi, Argentina Cənubi Amerikanı, İspaniya isə Avropanı təmsil edir. Bu baxımdan final həm də iki fərqli futbol məktəbinin və iki qitənin qarşıdurmasıdır.
İkincisi və mənim üçün daha vacib olan məqam isə Azərbaycanın milli maraqları ilə bağlıdır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı dövrdə müxtəlif dövlətlər fərqli mövqelər nümayiş etdiriblər. Həmin illərdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ardıcıl dəstək ifadə edən ölkələrdən biri də İspaniya olub. İspaniya rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyini dəfələrlə bəyan edib. Məhz buna görə də mən bu finalda İspaniyaya azarkeşlik edirəm və onlara uğurlar arzulayıram”.
AĞ Partiyanın sədri Tural Abbaslı da Sherg.az-a açıqlamasında Dünya Çempionatını izlədiyini əvvəlcədən qardaş Türkiyəni dəstəklədiyini, eyni zamanda Özbəkistana azarkeşlik etdiyini deyib. Hər iki komandanın qrup mərhələsini keçə bilmədiyini təəssüflə qeyd edən partiya sədri, daha sonra müsəlman ölkələrinə azarkeşlik etməyə başlayıb: “Təəssüf ki, turnirin bu mərhələsində artıq müsəlman ölkələrinin heç biri qalmayıb. Ona görə də qalan komandalar arasından seçim etmək lazım gəldi. Hazırda çempionat final mərhələsinə çatıb və həlledici oyunda İspaniya ilə Argentina qarşılaşacaq. İspaniya dövlətinin və İspaniya futbolçularının siyasi mövqeyini, eləcə də siyasi və mənəvi məsələlərə yanaşmasını nəzərə alaraq, mən daha çox bu komandaya azarkeşlik etməyin tərəfdarıyam. Çünki həm Lionel Messinin, həm də Argentinanın bəzi siyasi-ideoloji mövqeləri mənim baxışıma görə türk-islam dünyasının dəyərləri ilə tam uyğun gəlmir. Təbii ki, futbol ilk növbədə idmandır və istər futbolun, istərsə də ümumilikdə idmanın siyasiləşməməsi arzuolunandır. İdmanda başqa maraqların ön plana çıxmaması daha doğru olardı. Lakin heç kim deyə bilməz ki, bu Dünya Çempionatı tamamilə siyasətdən kənar keçib. Əksinə, bu mundialda bir çox hallarda haqsızlıqların şahidi olduq. Bu haqsızlıqlar yalnız ayrı-ayrı hakimlərin fərdi qərarları kimi görünmürdü, müəyyən bir xəttin və yanaşmanın mövcudluğu hiss olunurdu. Təşkilatçı ölkə olan ABŞ-nin, hətta birbaşa Donald Trampın müəyyən təsirlərinin olduğu barədə fikirlər də səslənir”.
T. Abbaslı hesab edir ki, əgər futbol artıq müəyyən mənada siyasiləşibsə, azarkeşlərin də məsələyə siyasi və ideoloji prizmadan yanaşması təbii qarşılana bilər:
“Bu səbəbdən mən finalda İspaniyanın qalib gəlməsini arzulayıram. Təbii ki, kimin çempion olacağını yalnız oyun göstərəcək. Futbolda nəticəni meydanda nümayiş etdirilən oyun müəyyənləşdirir və daha yaxşı çıxış edən tərəf qalib gəlir. Ancaq şəxsi mövqeyim soruşularsa, mən İspaniyanın qələbəsini istəyərdim.
Azərbaycanlıların və ümumilikdə Azərbaycan vətəndaşlarının kimə azarkeşlik etməsinə gəlincə, bu, hər kəsin şəxsi seçimidir. Mənim kimi məsələyə daha çox siyasi və ideoloji aspektdən yanaşanlar yəqin ki, İspaniyanı dəstəkləyəcəklər. Futbola sırf idman kimi baxanlar isə böyük ehtimalla Messi amilinə görə Argentinaya azarkeşlik edəcəklər. Hər halda futbol oyundur, idmandır və əsas məqsəd onun insanları bölməsi deyil, birləşdirməsi, həmrəyliyə və qarşılıqlı anlaşmaya xidmət etməsidir.”