Dünya futbolunun ən böyük ulduzlarından biri sayılan Lionel Messi siyasi mövzularda demək olar ki, heç vaxt açıq mövqe sərgiləmir. Buna baxmayaraq, onun adı son illərdə İsrail, Argentina və digər ölkələrin siyasi gündəmində tez-tez hallanır.
Sherg.az xəbər verir ki, müzakirələrin əsas səbəbi İsrail rəsmilərinin, o cümlədən Baş nazir Binyamin Netanyahunun Messiyə açıq dəstək nümayiş etdirməsi və argentinalı futbolçunun şəkillərindən siyasi məqsədlərlə istifadə etməsidir. Bu isə sosial şəbəkələrdə Messinin İsrail tərəfdarı olması barədə iddiaların yayılmasına səbəb olub.
Lakin vurğulanır ki, Messi heç vaxt İsrailə siyasi dəstək verdiyini bəyan etməyib və özünü sionist kimi təqdim etməyib. O, 2013-cü ildə İsrail və Fələstinə səfər edib, həm israilli, həm də fələstinli uşaqlarla görüşüb. 2018-ci ildə isə Argentina millisinin İsraillə keçirəcəyi yoldaşlıq oyunu ləğv edilsə də, Messi bu məsələ ilə bağlı açıq mövqe bildirməyib.
Yazıda qeyd olunur ki, Messinin əsas xüsusiyyəti siyasi neytrallığı qorumağa çalışmasıdır. Buna baxmayaraq, onun populyarlığından həm İsrail, həm Argentina Prezidenti Xavyer Miley, həm də ABŞ Prezidenti Donald Tramp kimi siyasətçilər öz imicləri üçün istifadə etməyə çalışıblar.
Yekun qənaətə görə, Messi İsraili açıq şəkildə dəstəklədiyini heç vaxt bəyan etməyib. Bununla yanaşı, onun siyasi məsələlərdə susqun qalması müxtəlif tərəflərin futbolçunun nüfuzundan öz maraqları üçün istifadə etməsinə şərait yaradıb.