Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı məğlub etdi

Azərbaycan Premyer Liqasının XII turunda “Qarabağ” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə Ağdam təmsilçisinin qollarını Leandro Andrade (6), Toral Bayramov (42), Abdulla Zubir (63) və Aleksey Kaşuk (90+3) vurub. “Kimyaçılar”ın heyətində isə Höccət Haqverdi (30) və Nsana Simon (83) fərqləniblər.

Bu nəticədən sonra Qurban Qurbanovun komandası xalını 26-ya yüksəldərək liderliyini möhkəmləndirib. Saşa İliçin rəhbərlik etdiyi kollektiv isə 20 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Baş hakim Fərid Hacıyevin idarə etdiyi matçın 59-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Rayan Senhadji qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, günün ilk qarşılaşmasında “Karvan-Yevlax” evdə “Kəpəz”ə 1:2 hesabı ilə məğlub olub. Tura noyabrın 23-də yekun vurulacaq.