Son beş ildə Azərbaycanda böyük sosial islahatlar paketi reallaşdırılıb
Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
Bütün bunlar regionların, xüsusən də işğaldan azad edilmiş ərazilərin bərpası, dirçəldilməsi ilə eyni vaxtda aparılır
Azərbaycan tarixində yeni bir səhifə açan 44 günlük Vətən müharibəsindən sonra ümumən regionda qüvvələr nisbəti xeyrimizə dəyişdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişafın cənab Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətlə daha da yüksəlməsi hazırda ölkəmizi həm iqtisadi, həm də hərbi qüdrətə malik ölkə olaraq tanıdır. Təbii ki, iqtisadi inkişafa aparan yol regionların sosial-iqtisadi inkişafına dayanır. Ötən illər ərzində ölkəmizin hər bir bölgəsində iqtisadi inkişafın təzühürlərini görmək mümkündür. Torpaqlarımız işğaldan azad edildikdən, erməni separatizmi üzərində qətiyyətli qələbədən sonra Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər, icra olunan layihələr bu bölgələrdə iqtisadi inkişafı sürətləndirib. Sadəcə, son 2-3 ilin xronikasına nəzər salsaq, bu inkişaf görünəcək. Təkcə bu ilin sentyabrında cənab Prezident Qarabağa səfəri zamanı bir çox yeni layihələrin icrasına start verib, aparılan bərpa-quruculuq işləri ilə tanıs olub, lazımi tapşırıq və tövsiyələrini verib. Bu il Xankəndidə Qarabağ Universiteti fəaliyyətə başlayıb. Universitet ilk tələbələrini qəbul edib və tələbələr üçün yataqxana da tikilərək istifadəyə verilib. 1 saylı körpələr evi-uşaq bağçası, 4 saylı tam orta məktəb, Xankəndi Dövlət Dram Teatrı, “Zəfər” meydanında Konqres Mərkəzi, “Bulud” hoteli… bəzilərində tikinti, bəzilərində təmir-bərpa işləri aparılıb. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi, Xıdırlı, Kəngərli kəndlərində bərpa işləri, İmarət Kompleksinin bərpası, İmarət Stadionunun, Eyvazxanbəyli kəndinin təməlinin qoyulması, “Agdham City Hotel”in, Ağdam Sənaye Parkının açılışı və yeni zavodların işə salınması regionda nəhəng quruculuq işlərinin aparıldığına sübutdur. Eləcə də, Kəlbəcər rayonunda cənab Prezidentin iştirakı ilə İstisu qəsəbəsinin təməli qoyuldu. İstisu – müasir istirahət kompleksinin tikinitisi isə davam edir. Kəlbəcərdə 524 ailəlik yaşayış kompleksi, inzibati binaların, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi aparılır. Kəlbəcər rayonunda 4,3 MVt gücündə “Zar” Kiçik Su Elektrik Stansiyası artıq istifadəyə verilib. KSES-in açılışında iştirak edən cənab Prezident burada SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə “Toğanalı” KSES-in açılışını da edib. Dövlət başçısına görülən işlər barədə məlumat verilərək bildirilib ki, Kiçik Qafqaz dağ silsiləsindəki bulaqlar, ərinti suları da daxil olmaqla mənbəyi Azərbaycan ərazisində formalaşan çaylar üzərində “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının yaradılması prosesi sistemli şəkildə davam edir. Kəlbəcər rayonunda “Zar”, Göygöl rayonunda isə 4,1 meqavat gücündə “Toğanalı” Kiçik Su Elektrik stansiyaları cəmi bir il ərzində tikilib. “Zar” və “Toğanalı” KSES-lərdə ümumilikdə 25 milyon kilovat-saatadək “yaşıl enerji”nin istehsal olunması nəzərdə tutulur ki, bu da 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir. Bununla Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı regionlara çevrilməsi, yaşıl enerji istehsalının tam şəkildə təmin edilməsi və artıq qalan enerjinin ölkə enerji sisteminə ötürülməsi Azərbaycanın regional enerji müstəqilliyini gücləndirir və ətraf mühitin qorunmasına müsbət təsir göstərir. 2025-ci ildə digər bölgələr də daxil olmaqla daha 6 kiçik su elektrik stansiyasının tikintisi və istismara verilməsi nəzərdə tutulur. Bütün bunlar ölkəmizin hər bir regionunda iqtisadi inkişaf tempinin yüksəldiyini göstərir.
Regionların iqtisadi inkişafı ilə bağlı “Sherg.az"a danışan iqtisadçı Fuad İbrahimov diqqəti bu günlərdə cənab Prezidentin iştirakı ilə keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirəyə yönəltdi: