- Bu halın birinci səbəbi idxal qaydaları və gömrük nəzarəti ilə bağlıdır
- “Sədərək”in bazarı daralır, Türkiyədən birbaşa mal gətirənlər önə keçir
“Sədərək” bazarında alverin “öldüyü” bildirilir. Bir çox mağaza bağlanıb, alver əvvəlki kimi deyil. İqtisadçı Rauf Qarayev paytaxtın həm pərakəndə, həm də topdansatış üzrə ən iri bazarı olan “Sədərək”də alverin zəifləməsinin səbəbləri barədə Sherg.az-a danışdı:
- Bu halın birinci səbəbi idxal qaydaları və gömrük nəzarəti ilə bağlıdır. Gömrük-keçid və vergi qaydalarındakı dəyişikliklər, eləcə də yükdaşımalarına nəzarətin gücləndirilməsi bir çox sahibkarın xaricdən mal gətirməsini çətinləşdirib və maya dəyərini artırıb. İkinci əsas səbəblərdən biri onlayn alış-verişin populyarlaşmasıdır. İnsanların bir çox geyim, ev əşyası və elektronika məhsullarını birbaşa onlayn platformalar vasitəsilə evdən sifariş etməsi bazarlara gələn müştərilərin sayını azaldıb. Paytaxtın müxtəlif istiqamətlərində və bölgələrdə yeni ticarət mərkəzlərinin, anbarların və bazarların açılması da alış-veriş axınlarını müxtəlif istiqamətlərə yönəldir. Burada əhalinin alıcılıq qabiliyyətinin dəyişməsi və xərclərə yanaşması da əhəmiyyət daşıyır.
Adi bir misal çəkim. Sabirabadda birbaşa Türkiyədən mal gətirən sahibkarlar var. Qiymətlər hətta onlayn alış-verişdən və “Sədərək” Ticarət Mərkəzindən də aşağıdır. İnsanlara da sərf edir. Niyə Sədərəyə getsinlər? Baxmayaraq ki, bu sahibkar vergi ödəyicisidir, hətta ayda obyekt üçün 2000 manat kirayə haqqı ödəyir, 5 ildir bu qayda ilə işləyir.
Bakının özündə də müxtəlif ölkələrdən birbaşa mal gətirib satan sahibkarlar var. Sahibkardan soruşduqda ki, necə olur, başqa ölkədən mal gətirmək daha ucuz başa gəlir, deyir ki, malı bir yerdən almır. Məsələn, İstanbulda ən azı 5-6 rayonu gəzir, hansı daha sərfəlidirsə, malı oradan alır. Hətta əvvəllər dolların məzənnəsinin aşağı olduğu vaxtlarda İtaliyadan mal gətirənlər də vardı. Baxmayaraq ki, məhsullar bir qədər baha qiymətə təklif edilirdi, paytaxtda yüksək büdcəsi olan insanlar onları alırdılar. Keyfiyyətinə bələd olduqları üçün daim sifariş verirdilər.