ABŞ və Türkiyə arasında F-35 qırıcılarının tədarükü ilə bağlı yeni razılaşma imkanının müzakirə olunduğu iddia edilir. İsrail mətbuatı bu istiqamətdə iki mərhələli planın hazırlandığını yazıb.
Sherg.az xəbər verir ki, İsrailin “Maariv” nəşrinin məlumatına görə, planın ilk mərhələsində Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini Rusiyaya və ya Moskvanın razılığı ilə üçüncü ölkəyə təhvil verməsi nəzərdə tutulur.
İddia olunur ki, bu şərt yerinə yetirilərsə, ABŞ Türkiyəyə anbarda saxlanılan 6 ədəd F-35 qırıcısını təhvil verə və türk hərbçilərinin təlimlərini bərpa edə bilər.
İkinci mərhələdə isə Vaşinqtonun Türkiyənin artıq S-400 sistemlərinə malik olmadığını Konqresə rəsmən bildirməsi, müdafiə sənayesinə tətbiq edilən sanksiyaların ləğvi və F-35 proqramına qayıdışla bağlı daha geniş danışıqlara başlaması gözlənilir.
Nəşr qeyd edir ki, altı qırıcının təhvil verilməsi daha böyük F-35 donanmasının alınması istiqamətində ilkin addım ola bilər.
Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 sistemləri aldığına görə 2019-cu ildə ABŞ-ın F-35 proqramından çıxarılıb.