- “İctimai nəqliyyatın rəqəmsal sistemi hədəfdədir”
Kiberhücumlar ictimai nəqliyyat sektoruna da sıçradı. Gürcüstanın Rustavi şəhərində ictimai nəqliyyatda avtobus monitorlarında pornoqrafik görüntülər yayımlanıb.
Bu barədə məlumatı paylaşan nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirir ki, baş verən hadisə müasir nəqliyyat sistemlərinin yalnız fiziki deyil, həm də rəqəmsal təhlükəsizlik riskləri ilə üz-üzə qaldığını göstərir.
Hətta 2025-ci ildə Tbilisidə avtobusların ödəniş terminallarından icazəsiz siyasi məzmunlu audio yayımlanması da bu problemin başqa bir nümunəsi idi.
Sherg.az-a açıqlamasında mütəxəssis qeyd etdi ki, bu, ölkəmiz üçün də diqqətə alınmalı ciddi siqnaldır:
– Bu gün Bakıda və ölkənin bir sıra regional şəhərlərində ictimai nəqliyyatda nağdsız ödəniş sistemləri tətbiq olunur. Elektron ödəniş terminalları, GPS izləmə, sərnişin məlumatlandırma monitorları, videomüşahidə, mobil tətbiqlər və mərkəzləşdirilmiş idarəetmə sistemləri vahid rəqəmsal ekosistemin elementlərinə çevrilir. Lakin rəqəmsallaşma ilə yanaşı, həmin sistemlərin qorunması məsələsi də eyni səviyyədə diqqətdə saxlanılmalıdır.
Risklərə gəlincə, R. Ağamirzəyev bunları qeyd etdi:
- Elektron ödəniş sistemlərinə icazəsiz müdaxilə və sərnişinlərin maliyyə məlumatlarının təhlükəyə düşməsi; avtobuslardakı monitor və səs sistemlərinin kənar şəxslər tərəfindən idarə olunması; GPS və dispetçer sistemlərinə müdaxilə nəticəsində nəqliyyatın hərəkəti barədə yanlış məlumatların ötürülməsi; videomüşahidə sistemlərindəki məlumatların ələ keçirilməsi; proqram təminatına texniki xidmət göstərən podratçı şirkətlərin sistemlərinin zəif nöqtəyə çevrilməsi.
Bəs hansı tədbirlər görülməlidir?
- Bakı ilə yanaşı, Gəncə, Naxçıvan, Xankəndi və digər şəhərlərdə fəaliyyət göstərən nağdsız ödəniş sistemləri də kibertəhlükəsizlik auditindən keçirilməlidir. AYNA və nəqliyyat operatorları ilə yanaşı, sistemlərə texniki xidmət göstərən bütün podratçı şirkətlər üçün vahid təhlükəsizlik tələbləri müəyyən edilməlidir. Elektron ödəniş, GPS, videomüşahidə və sərnişin məlumatlandırma sistemləri arasında təhlükəsiz şəbəkə ayrılığı təmin olunmalıdır. Sistemlərə girişlər çoxfaktorlu identifikasiya ilə qorunmalı, bütün əməliyyatlar qeydə alınmalı və şübhəli fəaliyyətlər real vaxt rejimində izlənilməlidir.
Kibermüdaxilə zamanı xidmətin davamlılığını təmin edən ehtiyat idarəetmə mexanizmləri və operativ məlumatlandırma prosedurları hazırlanmalıdır. Sərnişinlərin şəxsi və maliyyə məlumatlarının qorunmasına dair məsuliyyət operatorlar və texnologiya təminatçıları arasında dəqiq bölüşdürülməlidir. Hesab edirəm ki, Azərbaycanda ictimai nəqliyyatın rəqəmsal infrastrukturu üzrə kibertəhlükəsizlik ayrıca idarəetmə və nəzarət istiqaməti kimi nəzərdən keçirilməlidir. Bu məsələyə yalnız Bakı çərçivəsində yanaşmaq düzgün olmazdı. Çünki elektron ödəniş və digər rəqəmsal xidmətlər artıq regionlarda da tətbiq olunur. Təhlükəsizlik standartları ölkə üzrə vahid olmalı, şəhərlərin ölçüsündən və nəqliyyat operatorunun miqyasından asılı qalmamalıdır.
Mütəxəssis bildirdi ki, ictimai nəqliyyatın təhlükəsizliyi artıq yalnız yol-nəqliyyat hadisələrinin qarşısının alınması ilə məhdudlaşmır. Buraya fiziki, informasiya, maliyyə və kibertəhlükəsizlik də daxildir. Nəqliyyat sisteminin etibarlılığı yalnız avtobusun vaxtında gəlməsi ilə deyil, onun arxasında dayanan rəqəmsal infrastrukturun nə dərəcədə qorunması ilə də ölçülməlidir.