Gülistan Doku işi üzrə yeni ifadə: “Ailəsinə heç bir məlumat verməyin”

Türkiyədə 2020-ci ildən itkin düşən Gülistan Doku ilə bağlı istintaqda yeni detallar üzə çıxıb. Keçmiş polis əməkdaşı İsmail Erzen axtarış zamanı onlara ailəyə məlumat verməmək barədə göstəriş verildiyini bildirib.

Sherg.az xəbər verir ki, bu barədə ANKA məlumat yayıb.

Erzen ifadəsində bildirib ki, su anbarında aparılan axtarışlar valilik tərəfindən koordinasiya olunub və sudan çıxarılan materiallar barədə ailəyə məlumat verilməməsi tapşırılıb. Onun sözlərinə görə, ailəyə bu barədə yalnız bir həftə-on gün sonra məlumat verilib.

Keçmiş polis əməkdaşı həmçinin Gülistan Dokuya aid olduğu ehtimal edilən avtomobil kamerası görüntülərinin istintaqa təqdim edilməsindən qısa müddət sonra mediaya sızdırıldığını bildirib.

Qeyd edək ki, Gülistan Doku 5 yanvar 2020-ci ildən itkin düşüb. Ailənin vəkili Əli Çimen istintaq çərçivəsində indiyədək azı 39 nəfərin saxlanıldığını açıqlayıb.