Ər-Riyadda tarixi Rusiya-ABŞ danışıqları: ƏSAS NƏTİCƏLƏR NƏ OLDU?

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukraynanın genişmiqyaslı işğalından sonrakı ilk görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutdu. Danışıqlar təxminən 4 saata yaxın davam edib.

Sherg.az xəbər verir ki, Rusiya tərəfini görüşdə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil ediblər. ABŞ-ni isə dövlət katibi Marko Rubio, milli təhlükəsizlik üzrə müşavir Mayk Valz və Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoff təmsil edib.

Bugünkü danışıqlardan sonra iki tərəfdən də verilən əsas mesajları təqdim edirik:

Rusiyanın mövqeyi:

Yuri Uşakov danışıqların pis keçmədiyini bildirib, Lavrov isə görüşü "çox faydalı" adlandırıb;

Lavrov qeyd edib ki, əsas prioritetlərdən biri diplomatik münasibətlərin bərpası və səfirlərin təyinatıdır;

Rusiya NATO qoşunlarının Ukraynada yerləşdirilməsinə qarşı çıxır və bunu qəbuledilməz adlandırır;

Moskva və Vaşinqton iki ölkə arasında bank əməliyyatlarını asanlaşdırmaq üçün tədbirlər haqqında razılığa gəliblər.


ABŞ-nin mövqeyi:

ABŞ Rusiya və Ukraynanın enerji infrastrukturuna zərbələrə moratorium qoymağı təklif edib. Rusiya tərəfi cavab verib ki, o, Ukraynanın mülki enerji sektorunu deyil, yalnız hərbi obyektləri hədəfləyir;

Dövlət Departamenti bəyan edib ki, hər iki tərəf Ukraynada müharibəni tez bir zamanda dayandırmaq üçün plan hazırlamaq üçün işçi qruplar yaratmağa razılaşıb;

Mayk Valz Donald Trampın “çox sürətlə irəli getmək” niyyətində olduğunu açıqlayıb;

ABŞ Avropanın Ukrayna ilə bağlı gələcək müzakirələrə qaçılmaz olaraq cəlb olunacağını bəyan edib.


Digər əsas məqamlar isə bunlardır:

ABŞ və Rusiya prezidentləri arasında mümkün görüşün tarixi müəyyən edilməyib. Uşakov bunun gələn həftə baş verməsinin çətin olduğunu deyib.

Vaşinqton Keyt Kelloqu Ukrayna üzrə baş danışıqlar aparan şəxs seçib. Lavrov daha əvvəl bəyan etmişdi ki, Rusiya ABŞ öz seçimini etdikdən sonra öz nümayəndəsini təyin edəcək.