ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General 

Türkiyə hələlik ABŞ-nin beşinci nəsil F-35 qırıcılarının istehsal proqramına qayıda bilməyəcək. Vaşinqton və Ankara arasında münasibətlərdə yumşalma müşahidə olunsa da, Donald Tramp administrasiyası hüquqi maneələrin hələ də qüvvədə qaldığını bildirib. Əsas maneə kimi Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemi göstərilir. Bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi məktubda qeyd olunub. "The Jerusalem Post" nəşrinin tanış olduğu sənəd 22 iyul tarixində konqresmen Uesli Bellin sorğusuna cavab olaraq təqdim edilib. Məktubda vurğulanır ki, ABŞ-nin Türkiyənin F-35 proqramındakı iştirakına dair siyasəti dəyişməyib. Ankara ABŞ qanunvericiliyinin tələblərini tam yerinə yetirməyənədək ölkəyə heç bir F-35 təyyarəsi təhvil verilməyəcək.

Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Türkiyə qarşısında irəli sürdüyü əsas şərt yalnız S-400 zenit-raket komplekslərinin istifadədən çıxarılması deyil, ümumiyyətlə Ankaranın bu sistemə sahib olmamasıdır. ABŞ qanunvericiliyində istifadə olunan hüquqi ifadələr bu məsələdə kifayət qədər aydın mövqe ortaya qoyur: “ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi son məktubda qeyd edilir ki, Türkiyə yalnız CAATSA sanksiyalarının və 2020-ci il Milli Müdafiə Səlahiyyətləri Aktının (NDAA) 1245-ci maddəsində nəzərdə tutulan bütün tələbləri yerinə yetirdikdən sonra F-35 proqramına qayıda bilər. Hazırda Vaşinqtonun bu məsələ ilə bağlı rəsmi mövqeyi dəyişməyib. ABŞ administrasiyası Türkiyədən bir neçə əsas şərtin yerinə yetirilməsini tələb edir. Bunlardan birincisi, Ankaranın S-400 hava hücumundan müdafiə sisteminə, onun raketlərinə, radarlarına və digər əlaqəli avadanlıqlarına artıq sahib olmamasıdır. Digər tələb ABŞ administrasiyasının bu faktı Konqres qarşısında rəsmi şəkildə təsdiq edə bilməsidir. Vaşinqton həmçinin Türkiyənin gələcəkdə yenidən S-400 və ya digər Rusiya istehsalı olan oxşar sistemləri almayacağına dair etibarlı öhdəlik verməsini istəyir. Bununla yanaşı, ABŞ qanunvericiliyində nəzərdə tutulan bütün sertifikatlaşdırma prosedurlarının da tamamlanması tələb olunur”.

General qeyd edib ki, hüquqi baxımdan ABŞ qanunvericiliyində işlədilən "no longer possesses the S-400 system" ("S-400 sisteminə artıq sahib olmamaq") ifadəsi sadəcə sistemin deaktiv edilməsindən və ya istifadədən çıxarılmasından daha geniş məna daşıyır. Bu, Türkiyənin həmin sistemi inventarında saxlamamasını tələb edir: “Məhz buna görə də Vaşinqton uzun müddətdir sistemin sadəcə söndürülməsi, anbarlarda saxlanılması və yaxud "S-400-dən istifadə etmirik" bəyanatının verilməsi variantlarını yetərli hesab etmir. ABŞ Konqresində üstünlük təşkil edən yanaşmaya görə, S-400 kompleksləri Türkiyənin hərbi inventarından tam çıxarılmalıdır. Bu isə yalnız sistemin üçüncü ölkəyə satılması və ya təhvil verilməsi, Rusiyaya geri qaytarılması (praktik baxımdan olduqca çətin görünür), yaxud da ABŞ qanunvericiliyinin tələblərinə cavab verən başqa hüquqi mexanizmlə Türkiyənin mülkiyyətindən çıxarılması variantlardan biri ilə mümkün hesab olunur”. 

Y. Karauz bildirib ki, Donald Tramp administrasiyası ilə Rəcəb Tayyib Ərdoğan hökuməti arasında siyasi dialoq əvvəlki dövrlərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Bununla belə, ABŞ Dövlət Departamenti Konqresə açıq şəkildə bildirib ki, siyasi iradənin mövcudluğu qanunun tələblərini dəyişmir və administrasiya qüvvədə olan qanunvericiliyə əməl etməyə borcludur: “Son günlər Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə, o cümlədən BƏƏ-yə ötürə biləcəyi barədə müxtəlif məlumatlar yayılıb. Lakin bu iddialar hələlik rəsmi razılaşma ilə təsdiqlənməyib. Hətta belə bir qərar qəbul olunsa belə, Rusiyanın ixrac razılığı, ABŞ Konqresinin hüquqi sertifikatlaşdırması və digər prosedurların tamamlanması zəruri olacaq. Mənim qiymətləndirməmə görə, S-400 məsələsi artıq texniki deyil, əsasən hüquqi və siyasi xarakter daşıyır. Əgər Türkiyə S-400 sistemlərini tam şəkildə inventarından çıxararsa, F-35 proqramına qayıdış yolundakı ən ciddi hüquqi maneə aradan qalxa bilər. Lakin bununla belə, yekun qərara ABŞ Konqresinin siyasi mövqeyi, İsrail və Yunanıstanın təhlükəsizliklə bağlı narahatlıqları, eləcə də Vaşinqton-Ankara münasibətlərinin ümumi vəziyyəti təsir göstərməkdə davam edəcək. Əksinə, Ankara S-400 sistemlərini öz ərazisində saxlamaqda israr edərsə, mövcud ABŞ qanunvericiliyi çərçivəsində Türkiyənin yenidən F-35 proqramına daxil olması və bu qırıcıları əldə etməsi hüquqi baxımdan son dərəcə çətin görünür”.