Ankaranın mövqeyi dəyişməz olaraq qalır


Türkiyə - Ermənistan münasibətlərinin qurulmasının açarı Bakıdadır


Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən, Prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirakından sonra Ankara-İrəvan münasibətlərinin normallaşması yenidən müzakirə mövzusuna çevrilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Türkiyə münasibətlərin normallaşması prosesi üçün heç vaxt hansısa ilkin şərt qoymayıb:

 "Hər iki tərəf dəfələrlə bəyan edib və vurğulayıblar ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin yekun tənzimlənməsidir". Ermənistan xarici işlər nazirinin sözlərinə görə, "erməni soyqırımı"nın "tanınması" və "pislənməsi" prosesi heç vaxt bu müzakirələrin tərkib hissəsi olmayıb. Lakin erməni müxalifəti Paşinyanın Türkiyə səfərinə kəskin reaksiya verib. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Nikol Paşinyanın Ərdoğanın andiçmə mərasimində iştirakı Ermənistanda və diasporda geniş dairələrdə təəccüb və qəzəbə səbəb olub: "Düzünü desəm, o səfər məni nə təəccübləndirdi, nə də qəzəbləndirdi, çünki Ankarada Paşinyan erməni xalqını yox, özünü təmsil edirdi. O, hətta özünün bütün partiyasını və ya bütün hökuməti təmsil etmədi, çünki heç kim məni inandıra bilməz ki, orada onun iştirakına qarşı olmayacaq adamlar yoxdur”. Oskanyan əlavə edib ki, Paşinyan bu səfəri ilə diplomatiyadan uzaq olduğunu bir daha göstərdi:


 "Paşinyan anlamırdı ki, zəlzələdən sonra Türkiyəyə yardım göstərməklə və Ərdoğanın andiçmə mərasimində iştirak etməklə Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi baxımından Türkiyəni özünə cəlb edə bilməz. Türkiyə məqsədəuyğun hesab etdiyi zaman addımını atacaq. Üstəlik, Ermənistan-Türkiyə sərhədinin açılması və diplomatik münasibətlərin qurulmasının açarı Bakıdadır. İndi Qarabağ Bakıya verilir və Azərbaycanın digər şərtləri də tezliklə yerinə yetiriləcək, Türkiyə səfər edib-etməməsindən asılı olmayaraq sərhədi açacaq".

Türkiyənin Ərciyəs Universiteninin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanla Türkiyə arasında əlaqələrin qurulması, diplomatik münasibətlərin normallaşması, sərhədlərin açılması məsələlərini müzakirə etmək üçün hər iki ölkə xüsusi nümayəndə təyin edib. Professorun sözlərinə görə, Türkiyədən Sərdar Kılıç, Ermənistandan isə Ruben Rubinyan artıq xeyli görüş keçiriblər:

 "Amma iki ölkə arasında normallaşma bilavasitə Azərbaycanla Ermənistanın münasibətlərinin nizamlanmasından asılıdır. Bu işləri bir-birindən ayırmaq cəhdləri nəticə verməz. Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün İrəvan heç bir şərt irəli sürülməməsini təklif etmişdi. Amma nə qədər şərtsiz danışıqlar gözlənilsə də, öz-özlüyündə müəyyən şərtlər ortaya çıxırdı. Məsələn, Türkiyə Ermənistanın və diasporun "erməni soyqırımı" ideologiyasından vaz keçməsini tələb edir. Yəni istər-istəməz ortaya ilkin şərtlər çıxır". 

Q.Çaxmaqlı vurğulayıb ki, Ermənistan türk dövlətlərinə və xalqlarına qarşı nifrət siyasətini davam etdirir: "Türkiyə və Azərbaycanın tanınmış dövlət xadimlərinə sui-qəsdlər təşkil edən "Nemezis" terror təşkilatına abidə ucaldan bir dövlətlə hansı münasibətlərin qurulmasından söhbət gedə bilər?! Ermənistanın zəlzələ bölgəsinə yardımları da, Paşinyanın Ərdoğanın andiçmə mərasiminə qatılması da Türkiyənin prinsiplərini dəyişdirə bilməz. Ermənistan hələ də "Nemezis" abidəsini götürülməsi tələbinə cavab verməyib. Zənnimcə, Azərbaycan-Ermənistan münasibətlərinin qurulması fonunda Türkiyənin mövqeyinin müəyyənləşməsi mümkündür. Əks halda proseslər indiki kimi davam edəcək".