- Bu modeldə Azərbaycan həm təşəbbüskar, həm investor, həm də etibarlı siyasi tərəfdaş kimi çıxış edir
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı səsləndirdiyi mesajlar bir daha göstərdi ki, Azərbaycan xarici siyasətində artıq yalnız ikitərəfli münasibətlərin inkişafı ilə kifayətlənmir. Bakı Türk dünyasının inteqrasiyasını sürətləndirən, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi və iqtisadi körpü rolunu oynayan strateji mərkəzə çevrilmək istiqamətində ardıcıl siyasət yürüdür. Dövlət başçısının bəyanatı da məhz bu strateji xəttin əsas konturlarını ortaya qoyur.
Beynəlxalq münasibətlər sistemində dərin dəyişikliklərin yaşandığı, yeni geoiqtisadi marşrutların formalaşdığı bir dövrdə Azərbaycan öz milli maraqlarını yalnız enerji resursları ilə deyil, nəqliyyat, investisiya, təhlükəsizlik və humanitar diplomatiya vasitəsilə də təmin etməyə çalışır. Qırğızıstana dövlət səfəri bu siyasətin növbəti mərhələsi kimi oxunmalıdır.
Prezident İlham Əliyevin "müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir" fikri əslində Azərbaycanın Türk dövlətləri ilə münasibətlərinin fəlsəfəsini ifadə edir. Bu yanaşma formal diplomatik münasibətlərdən daha irəli gedərək ortaq təhlükəsizlik, qarşılıqlı siyasi dəstək, iqtisadi inteqrasiya və beynəlxalq təşkilatlarda koordinasiyalı fəaliyyət modelini nəzərdə tutur. Son illərdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla münasibətlərin eyni məntiqlə inkişaf etdirilməsi də təsadüfi deyil. Bu, Türk Dövlətləri Təşkilatının gələcəkdə daha təsirli regional gücə çevrilməsi strategiyasının tərkib hissəsidir.
Burda səfərin iqtisadi nəticələrini də xüsusi vurğulamaq lazımdır.. Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon dollara çatdırılması iki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Bu fond yalnız maliyyə mexanizmi deyil. O, Azərbaycan kapitalının Mərkəzi Asiyada uzunmüddətli möhkəmlənməsi, yeni istehsal sahələrinin yaradılması, logistika, kənd təsərrüfatı, turizm və sənaye layihələrinin reallaşdırılması üçün strateji platformadır. Bununla Azərbaycan neft gəlirlərini regional iqtisadi təsir alətinə çevirməyi davam etdirir.
Diqqət çəkən məqamlardan biri də İssık-Kul sahilində Azərbaycan dövlətinin maliyyəsi hesabına inşa edilən "Bakı" hotelinin açılmasıdır. İlk baxışda bu, adi investisiya layihəsi kimi görünə bilər. Lakin geosiyasi baxımdan bu layihə Azərbaycanın yumşaq güc siyasətinin tərkib hissəsidir. Dünyada dövlətlərin nüfuzu artıq yalnız hərbi və iqtisadi imkanlarla deyil, mədəniyyət, təhsil, turizm və humanitar layihələrlə də ölçülür. Azərbaycanın Qırğızıstanda belə simvolik layihələr həyata keçirməsi ölkənin regionda etibarlı tərəfdaş və uzunmüddətli investor imicini gücləndirir.
Prezident İlham Əliyevin Qarabağın bərpasında Qırğızıstanın rolunu xüsusi vurğulaması da strateji məna daşıyır. Ağdamda "Manas" məktəbinin tikilməsi layihəsi Türk dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünə və işğaldan azad olunmuş torpaqların dirçəldilməsinə verdiyi siyasi dəstəyin praktik ifadəsidir. Qarabağın bərpası artıq türk dünyasının həmrəylik simvoluna çevrilməkdədir.
Bəyanatda humanitar əlaqələrə geniş yer ayrılması da diqqətdən kənarda qalmamalıdır. Çingiz Aytmatovun irsinin yaşadılması, dostluq parklarının salınması, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi göstərir ki, Bakı inteqrasiyanı yalnız iqtisadi və siyasi əməkdaşlıq üzərində qurmur. Ortaq tarix, dil və mədəniyyət gələcək strateji tərəfdaşlığın ictimai dayaqlarını formalaşdırır. Bu isə uzunmüddətli əməkdaşlığın daha dayanıqlı olmasına xidmət edir.
Səfərin ən mühüm geosiyasi nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının məşvərət formatında tamhüquqlu iştirakının xüsusi vurğulanması oldu. Bu fakt göstərir ki, Azərbaycan artıq coğrafi baxımdan Cənubi Qafqaz dövləti olsa da, siyasi baxımdan Mərkəzi Asiyanın strateji tərəfdaşlarından biri kimi qəbul edilir. Bu status Bakının Orta Dəhliz, enerji təhlükəsizliyi, logistika və regional nəqliyyat layihələrində söz sahibinə çevrilməsi baxımından mühüm üstünlüklər yaradır.
Məhz bu kontekstdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Avropa ilə Asiya arasında yükdaşımaların həcmi artdıqca Azərbaycanın tranzit imkanları genişlənir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Xəzər dənizi üzərindən daşımalar və Mərkəzi Asiya ölkələri ilə artan əməkdaşlıq Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirir. Qırğızıstanla əlaqələrin inkişafı da bu böyük strategiyanın ayrılmaz hissəsidir.
Prezident İlham Əliyevin bəyanatında səslənən bütün mesajlar bir ümumi məqsədə xidmət edir: Türk dövlətləri arasında siyasi etimadı möhkəmləndirmək, iqtisadi inteqrasiyanı sürətləndirmək və yeni regional əməkdaşlıq modelini formalaşdırmaq. Bu modeldə Azərbaycan həm təşəbbüskar, həm investor, həm də etibarlı siyasi tərəfdaş kimi çıxış edir.
Müasir beynəlxalq münasibətlər sistemində nüfuz təkcə hərbi güclə ölçülmür. İnvestisiya imkanları, diplomatik fəallıq, humanitar təşəbbüslər, logistika potensialı və etibarlı tərəfdaş imici də dövlətlərin təsir gücünü müəyyən edən əsas amillər sırasındadır. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan məhz bu çoxşaxəli siyasət vasitəsilə Türk dünyasının inteqrasiyasında aparıcı rolunu daha da möhkəmləndirir.
Bütün bunlar onu deməyə əsas verir ki, Qırğızıstan səfəri iki ölkə arasında münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bu səfər Azərbaycanın Mərkəzi Asiya siyasətinin, Türk Dövlətləri Təşkilatının institusional güclənməsinin və Orta Dəhliz ətrafında formalaşan yeni geosiyasi nizamın mühüm tərkib hissəsidir. Azərbaycanın milli maraqları baxımından isə bu siyasət ölkənin regional liderliyini möhkəmləndirən, iqtisadi imkanlarını genişləndirən və beynəlxalq nüfuzunu artıran strateji kursun ardıcıl davamıdır.