Azərbaycan Vyetnamla strateji ittifaqını gücləndirir - ŞƏRH

  • Bakı-Hanoy münasibətlərində yeni səhifə açılır
  • Tural Gəncəliyev: "1959-cu ildən başlayan dostluq strateji tərəfdaşlığa çevrildi"

Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi diqqət çəkir. Bu səfər Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin genişlənməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və mövcud əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşü olub.

Görüşdə Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafı, siyasi, iqtisadi və diplomatik əməkdaşlıq müzakirə olunub. Tərəflər enerji, müdafiə sənayesi, ticarət, turizm, tikinti və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndiriblər. Xüsusilə Azərbaycanın neft məhsullarının Vyetnama ixracı, birgə istehsal layihələri, birbaşa aviareyslərin açılması və Orta Dəhliz vasitəsilə Vyetnam şirkətlərinin regional bazarlara çıxışı məsələlərinə diqqət yetirilib. Görüşdə Vyetnamın Azərbaycanda səfirlik açmaq planı da müsbət qiymətləndirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, müasir inkişaf dinamikasını və gələcək əməkdaşlıq perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla diqqət çəkir.

Müsahibə iki ölkə arasında onilliklər ərzində formalaşmış dostluq əlaqələrinin yeni geosiyasi və iqtisadi reallıqlar fonunda daha geniş məzmun qazandığını, strateji tərəfdaşlığın konkret istiqamətlər üzrə inkişaf etdirilməsi üçün əlverişli imkanların mövcud olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan əsas yanaşma Azərbaycan-Vyetnam münasibətlərinin tarixi dostluqdan daha geniş və çoxşaxəli strateji tərəfdaşlığa transformasiyasıdır. Vyetnamın Cənub-Şərqi Asiyada dinamik iqtisadi inkişafı, Azərbaycanın isə Cənubi Qafqazda enerji, nəqliyyat və logistika imkanları iki ölkənin qarşılıqlı tamamlayıcı potensialını üzə çıxarır. Bu üstünlüklərdən səmərəli istifadə edilməsi yeni bazarlara çıxış, investisiyaların cəlbi, birgə layihələrin reallaşdırılması və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluq, siyasi etimad və qarşılıqlı maraqlar əsasında formalaşan, müasir dövrdə isə konkret iqtisadi, enerji, nəqliyyat, humanitar və mədəni layihələrlə zənginləşən strateji əməkdaşlıq modelidir. Prezident İlham Əliyevin müsahibəsi bu tərəfdaşlığın gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur və iki ölkənin qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük potensiala malik olduğunu bir daha təsdiqləyir. 

Azərbaycan- Vyetnam əlaqələrini şərh edən Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi köklərini, mövcud inkişaf dinamikasını və gələcək əməkdaşlıq perspektivlərini əhatə edən mühüm siyasi mesajlarla zəngindir: 

“Azərbaycan ilə Vyetnam arasında münasibətlər yalnız tarixi dostluq ənənələrinə deyil, həm də qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlara əsaslanır. Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri ilə möhkəmlənən bu əlaqələr Ulu Öndər Heydər Əliyevin Vyetnamla əməkdaşlığın inkişafına verdiyi töhfələrlə yeni məzmun qazanıb və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə, 2025-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Artıq əməkdaşlıq ənənəvi siyasi və enerji sahələri ilə məhdudlaşmır, investisiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, sənaye və bərpaolunan enerji istiqamətlərini də əhatə edir. Ticarət dövriyyəsinin artması və Orta Dəhliz çərçivəsində yaranan imkanlar bu tərəfdaşlığın real iqtisadi potensialını nümayiş etdirir.

Dövlətlərarası münasibətlərin uzunömürlü və dayanıqlı olması xalqlar arasında qarşılıqlı hörmətin, mədəni yaxınlığın və dostluğun möhkəmlənməsindən keçir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təşəbbüslər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Bütün bunlar göstərir ki, Azərbaycan xarici siyasətində coğrafi məsafələrdən asılı olmayaraq, etibarlı tərəfdaşlarla əlaqələrin genişləndirilməsinə və yeni əməkdaşlıq platformalarının yaradılmasına xüsusi önəm verir. Prezident İlham Əliyevin Vyetnama səfəri də məhz bu strateji yanaşmanın davamı olmaqla, iki ölkə arasında dostluğun konkret iqtisadi və siyasi nəticələrlə daha da möhkəmlənməsinə xidmət edəcək”.