- Gürcüstanla sərhəd açıq olsa, təkcə həmin istiqamətdən Qax–Şəki–Oğuz–Qəbələ marşrutu üzrə minlərlə turist cəlb etmək olar
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, ötən ilin sonunda ölkənin əsas turizm bölgələrindən biri olan Oğuz rayonundakı otellərdə çalışanların sayı cəmi 15 nəfər olub. Bu, 2024-cü illə müqayisədə 9 nəfər azdır.
Rəsmi məlumatlara əsasən, ötən il Oğuz rayonundakı otellərdə çalışanlara ümumilikdə 56,6 min manat əməkhaqqı ödənilib. Beləliklə, hər işçinin orta illik əməkhaqqı 3 773 manat, orta aylıq əməkhaqqı isə 314 manat təşkil edib.
Sherg.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri şərh edən iqtisadçı Natiq Cəfərli turizm sahəsindəki vəziyyətə diqqət çəkib. O bildirib ki, turizmlə bağlı yeni dəstək proqramları qəbul edilsə də, inkişaf əvəzinə bu sahədə durğunluq dərinləşir və rəsmi statistika mövcud mənzərəni aydın göstərir:
“Oğuzda “Panorama Resort Oghuz”, “Afra Hotel”, “XalXal Hotel and Restaurant”, “Korifey Hotel”, “Qaynama” Ailəvi İstirahət Mərkəzi kimi obyektlər fəaliyyət göstərir. Oğuz çox gözəl rayondur. Təbiəti, insanları möhtəşəmdir, hətta çox maraqlı tarixi abidələri də var. Amma turizmin vəziyyəti belədir.
Gürcüstanla sərhəd açıq olsa, təkcə həmin istiqamətdən Qax–Şəki–Oğuz–Qəbələ marşrutu üzrə minlərlə turist cəlb etmək olar. Bundan başqa, turizm hekayə satmaqla populyarlaşır. Oğuz rayonunda hekayələşdirmək üçün onlarla abidə var. Sadəcə, kreativlik, iqtisadi azadlıqlar və bu sahə ilə məşğul olmaq istəyənlərə dəstək çatışmır”.
N.Cəfərli qeyd edib ki, Oğuzdakı qədim monastır və kilsələr də turizmin inkişafı üçün əlverişli imkanlar yaradır. Onun sözlərinə görə, bu abidələr ətrafında maraqlı hekayələr qurulub düzgün təqdim edilsə, bölgəyə minlərlə turist cəlb etmək mümkündür. Təəssüf ki, hazırda həmin tarixi abidələr baxımsız vəziyyətdədir.