Azərbaycan XİN: "Azərbaycanın ərazi bütövlüyünə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaq"
Yusif Nəzərli
03:55 13.09.2022
Gündəm
349
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə bağlı bəyanat yayıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsindən "Report"a verilən bəyanatda deyilir:
"12 sentyabr 2022-ci il tarixində gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.
Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb. Habelə, Ermənistan tərəfindən guya Azərbaycan ordusunun mülki əhalini, obyektləri və infrastrukturu hədəfə alması barədə yayılan məlumatları həqiqəti əks etdirmir və Ermənistan tərəfinin yaydığı növbəti dezinformasiyadır.
Ümumiyyətlə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Eyni zamanda, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərirdi.
Bununla yanaşı, Ermənistanın normallaşma prosesini müxtəlif bəhanələrlə ləngitməsi, beynəlxalq səylərlə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirməsi, üçtərəfli bəyanatlar və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması, Ermənistanda istehsal olunan minaların son zamanlarda Laçın ərazisində yerləşdirilməsi də daxil olmaqla ərazilərin minalanmasının davam etdirilməsi, kommunikasiyaların və nəqliyyat marşrutlarının açılması işlərində Ermənistan tərəfindən yeni şərtlərin irəli sürülməsi və prosesi dağıtması, eləcə də sülh gündəliyinə qarşılıq verməməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirirdi.
Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır, Ermənistanın bu addımları aparılan normallaşma və sülh prosesinə tamamilə ziddir. Azərbaycan dövləti işğaldan azad edilmiş bu ərazilərində genişmiqyaslı bərpa və quruculuq işləri aparan bir zaman, Ermənistan təcavüzə yol verməklə bu prosesə hər vəchlə mane olduğunu növbəti dəfə göstərdi.
Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hər bir addımların qarşısı qətiyyətlə alınacaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil