"Azərbaycanın ərazilərinə 1 milyona yaxın mina basdırılıb"


"Minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır"


  "Ərazilərin təmizlənməsi zamanı ən çox rast gəlinən minalar plastik minalardır. Bu, Ermənistanda istehsal olunan minalardır". Bunu Bakıda keçirilən "Minalarla mübarizə - Dayanıqlı İnkişaf Məqsədlərinə gedən yol" mövzusunda beynəlxalq konfransda çıxışında ANAMA İdarə Heyətinin sədrinin müavini Samir Poladov panel çıxışında bildirib. O bildirib ki, Ermənistanda istehsal olunan bu minalar Rusiyada istehsal olunan minaların bir növ kopyalarıdır, amma müəyyən dərəcədə fərqlənirlər.

"ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir"

  Birləşmiş Millətlər Təşkilatının Minalardan Təmizləmə Xidmətinin (UNMAS) direktoru İlene Kon deyib ki, Azərbaycan hökuməti minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb. Təəssüf ki, Azərbaycan da minalarla ən çox çirklənmiş ölkələr arasındadır: "BMT ölkələrin minalardan təmizlənməsinə yardım etməyə, minaların yayılmasının qarşısının alınmasını təşviq etməyə davam edəcək. O bildirib ki, Azərbaycan hökuməti, ANAMA minaların təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb. BMT rəsmisi qeyd edib ki, ANAMA həm də digər ölkələrlə öz təcrübəsini bölüşür ki, bu da vacibdir. Mən həmçinin bu istiqamətdə verdiyi dəstəyə görə Azərbaycandakı BMT əməkdaşlarına təşəkkür edirəm, koordinatorumuza təşəkkür edirəm. Bundan sonra da biz birlikdə işləməyə davam edəcəyik".

  "Sülhün Kökləri" təşkilatının təsisçisi və rəhbəri Heydi Kühn bir müddət əvvəl Azərbaycana səfərini xatırladaraq deyib ki, səfər çərçivəsində minalardan əziyyət çəkmiş insanların, qadınların acı hekayələrini eşidib, onları dinləyib: “Biz minalanmış əraziləri bağlara çevirməliyik. Bu gün 60-a yaxın ölkə 100 milyona yaxın mina və partlamamış sursatla çirklənib. Azərbaycan da bu ölkələrdən biridir. Azərbaycanın ərazilərində 1 milyona yaxın mina və partlamamış hərbi sursat basdırılıb. Biz minaların təmizlənməsi və yenilərinin basdırılmasının qarşısını almaq üçün birləşməli, işləməliyik. Biz insanlıq üçün birləşməliyik”.

"İnanıram ki, Ukrayna mina təmizlənməsində Azərbaycanın yol xəritəsindən nümunə götürəcək"

  Britaniya Parlamentinin üzvü Metyu Offord deyib ki, minalar ölkələrin inkişafına ciddi mane törədir. O, Vyetnamda, Kambocada olan minaları nümunə gətirərək deyib ki, bu problem illər ərzində bu ölkələrin inkişafına ciddi problem yaradıb: "Ona görə də haqlı olaraq minaların təmizlənməsi dayanıqlı inkişaf məqsədlərindən biridir. Eyni zamanda bu proses böyük maliyyə vəsaiti tələb edir. Mən təqdir edirəm ki, Azərbaycan hökuməti bu məsələni milli prioritetə çevirib. Ölkənin tərəqqisi üçün minaların təmizlənməsi vacibdir. Azərbaycan təcrübəsi digər ölkələr üçün nümunə ola bilər. Mən inanıram ki, Ukrayna minaların təmizlənməsi ilə bağlı Azərbaycanın yol xəritəsindən nümunə götürəcək". Vurğulayıb ki, digər əsas hədəf minalardan təmizlənmiş ərazilərin işlədilməsidir, bu ərazilərdən faydalanmaqdır: “Bizlər bu problemi həll etməli, gələcək nəsillər üçün saxlamamalıyıq”.

"Azərbaycana minatəmizləmə üzrə verilən yardım okeanda bir damcı kimidir"

  "Links Europe"nin direktoru Dennis Sammut Ağdama səfəri çərçivəsində gördüklərindən dəhşətə gəldiyini deyib ki, Azərbaycan regionda minatəmizləmə sahəsində liderlik edə bilər: “Dünən gördüklərim məni dəhşətə gətirdi. Böyük həcmdə dağıntılar mənə dərindən toxundu. Hər bir dağılan evi gördükcə düşünürdüm ki, illər əvvəl bu ərazilərdə ailələr yaşayıb. Biz Cənubi Qafqazda mina təmizlənməsi məsələsinə insani perspektivdən yanaşmalıyıq. Bu gün 600 min insan öz evlərinə qayıda bilmir, bu insanlar 1990-cı illərdən bəri qaçqındırlar. Bu minalar insanların evlərinə qayıtmasının qarşısını alır. Beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana yardım etməlidir, problemin ölçüsünü nəzərə alsaq, deyə bilərik ki, bu gün verilən yardım okeanda bir damcı kimidir. Biz birgə işləməliyik, minatəmizləmənin humanitar sferasına fokuslanmalıyıq. Texniki dəstək verməliyik. Bu, insan hüquqları ilə bağlı məsələdir, bu ərazilərin sakinlərinin öz evlərinə qayıtması hüququ var. Biz dünyanı - beynəlxalq ictimaiyyəti Ağdama gətirməklə yanaşı, Ağdamı, burada törədilənləri dünyaya çatdırmalıyıq. Biz eyni zamanda məsələyə regional yanaşmalıyıq, Ermənistanda, Gürcüstanda da mina var, amma həcmi fərqlidir”.

"Ağdamda gördüklərimdəm təsirləndim" 

  "IVoive Communications"un təsisçisi, keçmiş müharibə jurnalisti Adriana Aristizabal jurnalistlərə açıqlamasında deyib ki, minatəmizləmə sahəsində ölkələr Azərbaycan təcrübəsindən öyrənə bilər: "Bu konfransın mövzusu çox vacibdir, çünki bu, aktual məsələdir. Azərbaycan, Kolumbiya, İsrail kimi ölkələr bu problemdən illər boyu əziyyət çəkib. Dünən Ağdamda gördüklərimdən, Azərbaycanın minatəmizləmə işləri sahəsində gördüyü işlərdən təsirləndim. Azərbaycan dayanıqlı ölkədir. Ekspertlərlə söhbətimdə bildirdilər ki, bu ərazilərdə 1 milyona yaxın basdırılmış mina var. Ölkələr minatəmizləmə ilə bağlı Azərbaycan təcrübəsindən öyrənə bilər".
  Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiç qeyd edib ki, minatəmizləmə yalnız bundan əziyyət çəkən ölkələrin məsuliyyəti olmamalıdır: "Digər ölkələr, beynəlxalq ictimaiyyət, qarşı tərəf bu məsələdə məsuliyyəti bölüşməli, minadan əziyyət çəkən ölkəyə yardım etməlidir". O, öz ölkəsinin minalarla mübarizə və mina təmizlənməsi prosesi barədə məlumatlandırıb: "Xorvatiyada minatəmizləmə prosesi hələ də davam edir. Bunun əsas səbəbi isə bizim əlimizdə mina xəritələrinin olmaması ilə bağlıdır. Biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq, ona görə də biz yalnız minatəmizləmə ilə məşğul olmaq və minalarla mübarizə aparmaqla yanaşı, ən əsası müharibə, münaqişə deyil, sülh və əməkdaşlıq üçün mübarizə aparmalıyıq".