Strateji idarəetmə böhran kommunikasiyasından bir qədər fərqlidir. Türkiyə strateji kommunikasiyanı yardımçı funksiya kimi deyil, dövlət idarəçiliyinin strateji dayağı kimi qəbul edir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin Strateji kommunikasiya və böhran idarəetməsi departamentinin rəhbəri, dosent Bora Bayraktar Bakıda keçirilən D-8 Media Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, strateji kommunikasiya ölkəsi üçün çox önəmlidir və hökumət strukturlarının bir hissəsidir:
“Kommunikasiya İdarəmizin çərçivəsində biz inteqrə olunmuş, məlumatlara əsaslanan və 360 dərəcə kommunikasiyanı əhatə edən modeli tətbiq edirik. Biz buna “Türkiyə Kommunikasiya Modeli” deyirik. Dövlət kommunikasiyasında ən vacib məsələlərdən biri qarışıq, ziddiyyətli mesajlardan uzaq durmaqdır. Buna görə də Türkiyədə kommunikasiyaya mərkəzləşmiş və koordinasiyalı yanaşmağa çalışırıq.
Gördüyümüz başqa bir iş kommunikasiya prosesinin daimi monitorinqidir. Biz baş verənləri izləyirik. Erkən xəbərdarlıq və ssenariyə əsaslanan planlaşdırmanı qurmağa çalışırıq. Əsas problemlərdən biri süni intellekt və rəqəmsal texnologiyalardır. Forumun əvvəlində deyildiyi kimi, biz tamamilə fərqli kommunikasiya mühitində yaşayırıq. Dezinformasiya, malinformasiya, yanlış informasiya — çox müxtəlif problemlərlə üzləşirik.
Biz dezinformasiyaya qarşı mübarizə aparmağa çalışırıq. Böyük məsələləri, yəni dezinformasiya əməliyyatlarını aşkarladıqda, biz öz imkanlarımızla onu neytrallaşdırmağa çalışırıq: sürətli açıqlamalar, proaktiv narrativ düzəlişləri, qurumlararası mesajların sinxronizasiyası həyata keçiririk. Eyni zamanda, Türkiyə ictimaiyyətinə şəffaf informasiya axını təmin etməyə çalışırıq”.