Cənubi Qafqazın yeni memarı Azərbaycandır - Politoloq

Ermənistan reallığı qəbul etdi, regional layihələrdən daha çox qazanmağa çalışır

Ermənistan və ABŞ arasında “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə çərçivə sazişinin imzalanması Cənubi Qafqazda yeni siyasi və iqtisadi proseslərlə bağlı müzakirələri artırıb.

ABŞ Dövlət Departamentinin layihəni region üçün “sülh və rifah” təşəbbüsü kimi təqdim etməsi Vaşinqtonun bölgədə rolunu gücləndirmək niyyəti kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, layihə həm Ermənistanın Qərblə yaxınlaşma siyasəti, həm də regiondakı nəqliyyat-kommunikasiya marşrutları baxımından diqqət çəkən addımdır. 

Qeyd edək ki, Ermənistan və ABŞ TRIPP (“Tramp Marşrutu”) layihəsi üzrə çərçivə sazişini imzalayıb. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını xatırlanıb. ABŞ Dövlət Departamentindən isə Ermənistan KİV-ə bildirilib ki, Tramp marşrutu” layihəsi (TRIPP) Cənubi Qafqazda sülh və rifah üçün böyük əhəmiyyətə malikdir.

Mövzunu şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a bildirib ki, bu gün Cənubi Qafqaz güc balansının geosiyasi rəqabəti tərk edərək iqtisadi inteqrasiyaya doğru dəyişdiyi həyati əhəmiyyətli bir logistika mərkəzinə çevrilir. Bu iqtisadi inteqrasiya sadəcə regionla məhdudlaşmır, həm də beynəlxalq aktorları özündə ehtiva edir:

“Regionun geosiyasi və iqtisadi perspektivləri genişdir. Azərbaycan bu prosesdə üstün statusdadır. Ermənistan ABŞ-nin aktiv vasitəçiliyi ilə bu mərhələdə artıq itirən tərəf olmaq istəmir. Hətta regional layihələrdə indiyənə qədər itirmiş olduğunu dərk edərək maksimum fayda əldə etməyə çalışır. Beynəlxalq Sülh və Rifah naminə Tramp marşutu Azərbaycanın əsas hissəsini Ermənistan vasitəsilə Naxçıvanla birləşdirir və şübhəsiz ki, özü ilə birlikdə yeni iqtisadi reallıqlar da gətirir. ABŞ bölgəyə nəqliyyat marşutu ilə inteqrasiya edir, Tramp bunu strateji qələbə kimi dəyərləndirir. Habelə, infrastruktur layihələrinin realizə olunmasında beynəlxalq iştirakını ortaya qoyur. Rusiyanın roluna gəldikdə isə Bakı ilə İrəvan arasında münasibətlərin birbaşa tənzimlənməsindən sonra Rusiyanın Cənubi Qafqazdakı təsiri siyasi aspektdən artıq çıxaraq bərabərhüquqlu iqtisadi tərəfdaşlığa doğru dəyişir. Rusiyadan son gələn açıqlamalar ondan ibarətdir ki, sülh müqaviləsinin tez vaxtda imzalanmasının tərəfdarıdır, regional əməkdaşlıqda, və infrastruktur tikintisində maraqlıdır. Ermənistan-Rusiya, Azərbaycan-Rusiya, ABŞ-Rusiya siyasətinin Cənubi Qafqazda necə proyeksiya olunmasının müəllifi də Azərbaycan Lideridir desək, heç də yanılmarıq. Dövlət başçımız görünən və görünməyən səylər sərf edir. Rusiya Liderinin açıqlamalarından da hasil olunan nəticə budur”.

Ş. Həsənova bildirib ki, Ermənistan və Azərbaycan mövcud dəst-xətt üzrə prosesi önə aparmağı bacararlarsa, sülh gündəliyinə sadiq qalınarsa, düşünürəm ki, ölkələr arasında sərhədlərin açılması, ticarətin bərpası, sülh müqaviləsinin imzalanması heç zaman olmadığı qədər sürətlə irəliləyə bilər:

“Artıq yükdaşmalarla logistika əlaqələri demək olar ki, bərpa olur, yanacaq və malların birbaşa çatdırılması həyata keçirilir. Bu da şübhəsiz ki, iki xalq arasında etimada da müsbət təsir edə bilər. İranın mövqeyi zənn edirəm ki, daha çox faktla qarşı-qarşıya qoyulmaqdır, bəlkə də bunu “istəksiz razılıq” kimi də dəyərləndirə bilərik. İranın digər regionlarda sərgiləmiş olduğu mövqədən öz regionumuzda daha fərqli mövqe sərgiləməsində Azərbaycanın həm İranla, həm də Rusiya ilə qurduğu münasibətlər olduqca önəmlidir. Bu istiqamətdə də cənab Prezident İlham Əlyevin yürütdüyü diplomatiya öz müsbət nəticələrini verməkdə davam edir. Cənubi Qafqazda fundamental proseslər baş verib, hansı ki geriyədönüş artıq mümkün deyil. Açığı, həm regional aktorlar, həm də regiondan kənar tərəflər də aydın görürlər ki, geriyədönüş heç nə verməyəcək. İrəli baxmaqdan isə hər tərəf xeyir götürə bilər, yetər ki, içi boş narrativlər, hikkələr kənara qoyularaq bir qədər praqmatizm nümayiş etdirilsin. Regionumuz artıq böyük siyasətin nüvəsindədir. Siyasi tarixdə də əldə edilmiş arxitekturanın belə tez-tez dəyişdirilməsi adətən olmur. Buna bir deyil, bir neçə illər sonra yenidən cəhd edilə bilər, elə buna görə də yeganə yolu Azərbaycan Prezidenti cənab İlham Əliyev son dərəcə korrekt müəyyənləşdirib ki, regionumuz nəinki revanşizmdən, hətta istəniləb siyasi qarşıdurmadan uzaq tutularaq iqtisadi layihələrin mərkəzinə çevrilməlidir”.