Demokratlar seçkilərdən sonra Trampın fəaliyyətini araşdırmağı planlaşdırır

ABŞ Demokratlar Partiyası payızda keçiriləcək aralıq seçkilərdə qalib gələcəyi təqdirdə Prezident Donald Trampın fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparmağı planlaşdırır.

Sherg.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzetinə amerikalı qanunvericilər məlumat veriblər.

Demokratlar Trampın Ağ Evə qayıtdıqdan sonra sərvətinin artmasını, federal hökumətdəki struktur dəyişikliklərini, enerji və mədən sənayesindəki sövdələşmələri, həmçinin prezidentin siyasi rəqiblərinə qarşı addımlarını araşdırmaq niyyətindədirlər.

Konqresmenlər, həmçinin 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumda iştirak edən şəxslərin əfv olunmasını və federal qurumlarda aparılan kadr dəyişikliklərini araşdırmağı planlaşdırırlar.

Demokratlar Trampın siyasi rəqiblərinə qarşı açılan cinayət işlərinin də siyasi motivli olub-olmadığını araşdırmaq istəyirlər. Qeyd edək ki, Trampın yenidən prezident seçilməsindən və respublikaçıların qələbəsindən sonra ona qarşı bir sıra cinayət işləri dayandırılıb.