- Antalyada gözlənilən üçtərəfli sülh baş tutmadı
- “Türkiyə-Ermənistan normallaşması Azərbaycan amilindən kənarda qala bilməz”
Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığı, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində müzakirələrin intensivləşdiyi bir vaxtda Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi yenidən gündəmə gəlib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Antalyada COP31 çərçivəsində keçirilən görüşdən sonra Paşinyanın açıqlamaları diqqət çəkib. Ermənistanın Baş naziri görüşü müsbət qiymətləndirərək iki ölkə arasında konstruktiv dialoqun baş tutduğunu və gələcəkdə münasibətlərin inkişaf etdiriləcəyinə ümid etdiyini bildirib. O, xüsusilə Türkiyə ilə Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasının və yenidən istifadəyə verilməsinin vacibliyini vurğulayaraq bu istiqamətdə praktiki işlərin aparıldığını qeyd edib.
Şübhəsiz ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi mənzərəsinə təsir göstərə biləcək mühüm proseslərdən biridir. Sərhədlərin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və iqtisadi əlaqələrin genişləndirilməsi regionda yeni əməkdaşlıq imkanları yarada bilər.
Lakin burada diqqət yetirilməli əsas məqam Türkiyə-Ermənistan normallaşmasının Azərbaycan amilindən və Azərbaycan-Türkiyə strateji müttəfiqliyindən kənarda nəzərdən keçirilməməsidir. Çünki Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün təmin olunması yalnız ikitərəfli münasibətlərin inkişafı ilə deyil, Azərbaycan, Türkiyə və Ermənistan arasında qarşılıqlı etimada və regional maraqların uzlaşdırılmasına əsaslanan əməkdaşlıqla mümkün ola bilər.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay Sherg.az-a açıqlamasında bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan işğal altında olan yeddi rayonu azad edib, noyabrın 10-da imzalanan atəşkəs bəyanatı ilə isə Cənubi Qafqazda müvəqqəti sabitlik yaranıb.
“Türkiyə Azərbaycanın bu haqlı mübarizəsində onun yanında olub və bölgədə davamlı sülhün təmin edilməsi üçün əlindən gələni əsirgəməyib. Sonrakı mərhələdə Qarabağın da Azərbaycanın suverenliyi altına keçməsi Azərbaycanın bölgədə əldə etdiyi ən böyük nailiyyətlərdən biri olub.
Bundan sonrakı prosesdə Türkiyə, Azərbaycan və Ermənistan arasında heç bir ilkin şərt irəli sürülmədən möhkəm və davamlı sülhün əldə olunmasının zəruriliyini israrla ifadə edirik. Lakin regionun geosiyasi reallıqları bu sülhün əldə olunmasını daim təxirə salıb və atəşkəs bəyanatının imzalanmasından artıq altı il keçib.
2025-ci il avqustun 8-də Vaşinqtonda Trampın sağında İlham Əliyevin, solunda isə Nikol Paşinyanın əyləşdiyi görüşdə imzalanan xoşməramlı protokolun eynisinin Antalyada da imzalanmasını arzulayırdıq. Təəssüf ki, gözləntilərimiz Antalyada özünü doğrultmadı.
Prezident Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Antalyada COP31 İqlim Dəyişikliyi Konfransı çərçivəsində keçirilən ikitərəfli görüş iki ölkə arasındakı normallaşma prosesinə yeni təkan verib. Lakin Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması kifayət etmir. Əsas məqsəd Türkiyə, Azərbaycan və Ermənistan arasında üçtərəfli sülhün əldə olunması olmalıdır. Bu prosesin gecikməsi bölgədə mövcud problemlərin yenidən üzə çıxmasına səbəb olacaq”.
Analitik qeyd edib ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin yaydığı açıqlamada görüş zamanı Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin konstruktiv addımlarla davam etdirildiyi təsdiqlənib, qarşılıqlı etimadın artırılmasına xidmət edən bəzi simvolik, lakin əhəmiyyətli addımların atıldığı vurğulanıb:
“Liderlər iki ölkə arasındakı dialoq kanallarının açıq saxlanılması və gələcəkdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində qətiyyətlərini bir daha təsdiqləyiblər. Paşinyan görüşdən sonra verdiyi açıqlamalarda mövcud prosesi və yaranmış dialoq mühitini “çox müsbət” qiymətləndirib.
Görüş zamanı iki ölkə arasındakı sərhəd xətlərinin və xüsusilə dəmir yolu əlaqəsinin yenidən fəaliyyətə başlaması istiqamətində görülən işlər müzakirə olunub. Paşinyan ölkələr arasında dəmir yolu əlaqəsinin bərpası və açılması üçün praktiki işlərin aparıldığını bildirib”.
Politoloq əlavə edib ki, Türkiyə ilə Ermənistan arasındakı dəmir yolu xətlərinin, xüsusilə Qars-Gümrü istiqamətindəki əlaqənin və sərhəd-keçid məntəqələrinin yenidən açılması regional və ikitərəfli münasibətlərdə çoxşaxəli dəyişikliklərə səbəb ola bilər:
“1993-cü ildən etibarən bağlı olan sərhəd-keçid məntəqələrinin və nəqliyyat xətlərinin fəaliyyətə başlaması iki ölkə arasında birbaşa ticarətin canlanmasına şərait yaradacaq. Sərhədyanı ticarət xərclərinin azalması biznes dairələri üçün yeni investisiya və əməkdaşlıq imkanları açacaq. Ermənistanın ixrac və idxal marşrutlarını şaxələndirməsi regionun beynəlxalq nəqliyyat dəhlizlərinə, o cümlədən Orta Dəhlizə inteqrasiyasını gücləndirəcək.
İnfrastruktur layihələri diplomatik münasibətlərin tam normallaşması və davamlı sülhün təmin edilməsi baxımından mühüm etimad quruculuğu tədbirləri rolunu oynayır. Texniki səviyyədə əməkdaşlıq siyasi gərginliyin azalmasına zəmin yarada bilər.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması, şübhəsiz ki, son dərəcə mühüm məsələdir. Bununla belə, bu prosesin Azərbaycan-Türkiyə münasibətlərinə ciddi zərbə vurmaq ehtimalı da nəzərə alınmalıdır. Belə ki, son 20 gün ərzində müxtəlif bəhanələrlə Türkiyə-Azərbaycan münasibətlərində ciddi gərginlik yaşanıb.
Məhz buna görə də biz Antalyada Ərdoğan, Paşinyan və İlham Əliyevin bir araya gələrək üçtərəfli sülh sazişi imzalamalı olduqlarını bildirirdik. Bu istəyimizin əsas səbəbi Türkiyə-Azərbaycan münasibətlərinin qorunması və Cənubi Qafqazda davamlı sülhün üçtərəfli əməkdaşlıq əsasında təmin edilməsidir. Lakin təəssüf ki, bu arzumuz Antalyada reallaşmadı”.