Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı

Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər yüksəkvəzifəli məmurların əməkhaqqının kəskin artırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi iki ay təxirə salınıb.

Sherg.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Qanun layihəsi noyabrın 12-də Ermənistan parlamentinin Dövlət-hüquq məsələləri üzrə daimi komissiyasının iclasında müzakirə edilməli idi. Lakin əsas məruzəçi, Baş nazirin müavini Tiqran Xaçatryan iclasa qatılmayıb.

Komissiyanın sədri Arusyak Culakyan onun iclasda iştirak etməməsinin səbəbini açıqlamayıb. O, sənədin müzakirəyə hazır olduqdan sonra gündəliyə daxil ediləcəyini bildirib.

Qeyd edək ki, Ermənistan hökumətinin sentyabr ayında təsdiqlədiyi qanun layihəsinə əsasən, Baş nazir Nikol Paşinyanın aylıq maaşının təxminən 80 faiz artırılması nəzərdə tutulur. Hazırda Paşinyan 1 milyon 498 min dram (təxminən 4 155 dollar) maaş alır. Təklif qəbul edilərsə, onun əməkhaqqı 2 milyon 662 min drama (təxminən 7 384 dollar) çatacaq.

Nazirlərin maaşlarının isə iki dəfə artırılaraq 1 milyon 997 min drama (təxminən 5 539 dollar) yüksəldilməsi təklif olunur.