Fazil Mustafa: Bakı qeydiyyatı ilə bağlı ajiotaj yaranıb

“Necə ola bilər ki, vətəndaşı çölə atasan, deyəsən get, öz həyatını qur, qeydiyyatını rəsmiləşdir?"


  “Vətəndaşların Bakı qeydiyyatının ləğv olunması ciddi problemlər yaradır". Bu barədə millət vəkili Fazil Mustafa Parlamentin dünənki iclasında deyib. Deputat qeyd edib ki, bu, gələcəkdə ciddi problemlər yaradacaq:

 "Çünki qeydiyyata düşən şəxsin hüquqi əsası yaranır. Gələcəkdə bunlarla bağlı məhkəmə işləri olacaq, onlar qeydiyyatda olduğu evdən nəsə tələb edəcəklər. Bu, çox təhlükəli tendensiya yaradacaq. Ona görə də bu qeydiyyatları müvvəqqəti hala salmaq lazımdır ki, hüquqi öhdəliklər yaranmasın. Bu məsələni ciddi müzakirə edib, hansısa bir qərar verilməlidir ki, vətəndaşlar əziyyət çəkməsin”. 
  Deputat bildirib ki, vaxtilə pensiyalarla bağlı təlatüm yaranan kimi, bu gün də vətəndaşların qeydiyyatı ilə bağlı ajiotaj yaranıb: "Polisdə qeydiyyatda olanları qeydiyyatdan çıxarırlar və onlar havada qalırlar. Onlara deyirlər ki, qohum-əqrəbanın evində daimi qeydiyyatda qala bilərsiniz. Bu, gələcəkdə mülki iddia hüququ yarada bilər. Əgər Bakıda vətəndaş işləyirsə, övladı paytaxtda oxuyursa, kənddə də evi dağılıbsa, onlar bu şəkildə havada qalmamalıdır". 
  F.Mustafa dedi ki, bu insanların qeydiyyatı məsələsi əmlaka hüquqi iddiasının yaranmaması şərtilə həllini tapa bilər. Şəxsən mən millət vəkili olaraq məsələnin təfərrüatlarından məlumatlı deyiləm. Necə ola bilər ki, vətəndaşı çölə atasan, deyəsən get, öz həyatını qur, qeydiyyatını rəsmiləşdir?".