Vasif Əfəndiyev: “Milli birlik, hüquqi təminatlar və azad cəmiyyət Azərbaycanın ən güclü cavabıdır”
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan dövlətinin çoxəsrlik tarixində yeni bir səhifə açıb. Bu qələbə yalnız işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə məhdudlaşmayıb, həm də milli iradəmizin, dövlətçilik ənənələrimizin və xalqımızın sarsılmaz birliyinin təntənəsinə çevrilib. Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən səsləndirdiyi müraciət də məhz bu tarixi reallığın siyasi və mənəvi mahiyyətini bir daha nümayiş etdirib. Vaxtilə separatizmin mərkəzi olmuş Xankəndidən verilən mesajlar Azərbaycanın keçdiyi tarixi yolun, qazandığı suverenliyin və qarşıya qoyduğu strateji hədəflərin ifadəsi idi. Bu gün Azərbaycan qarşısında yeni vəzifələr dayanır. Qazanılmış Zəfəri möhkəmləndirmək, azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılması, milli birliyin qorunması, beynəlxalq mövqelərin gücləndirilməsi və müasir dövlət quruculuğunu yeni mərhələyə daşımaq əsas prioritetlərdəndir. Xüsusilə, Zəfərdən sonrakı Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi, Türk dünyası ilə inteqrasiyası və Qərblə bərabərhüquqlu tərəfdaşlığının genişləndirilməsi gələcəyin əsas müzakirə mövzularındandır.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a bildirib ki, bu gün Azərbaycan iki dost və qardaş ölkənin mənəvi və hüquqi dəstəyi ilə dünya tarixində misli görünməmiş Zəfərə imza atdığı günün qürurunu yaşayır. Onun sözlərinə görə, bu tarixi uğur təxminən iki əsrlik Rusiya və 235 illik İran işğallarının Azərbaycan üzərində yaratdığı basqıların aradan qaldırıb:

"Azərbaycan ilk növbədə işğal altında olan torpaqlarını azad etməklə milli bütövlüyünə qovuşmaq və öz tarixi kimliyini daha inamla ifadə etmək imkanı qazanıb. 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrimizi və türk kimliyimizi dövlət səviyyəsində təsdiqlədi. Sonrakı sovet dövründə də bu kimlik müxtəlif məhdudiyyətlərə baxmayaraq yaşadı və nəhayət, 1992-ci ildə dövlət dilimizin adının konstitusiya aktında türk dili kimi təsbit edilməsi tarixi yaddaşımızın mühüm ifadəsinə çevrildi. Bu gün isə qarşımızda duran əsas vəzifə qazandığımız Zəfəri yalnız ərazi və hərbi uğur kimi deyil, güclü, müstəqil, demokratik və müasir dövlət quruculuğunun təməli kimi inkişaf etdirməkdir. Azərbaycanın dost və tərəfdaş dövlətlərlə münasibətləri qarşılıqlı hörmətə, bərabərhüquqluluğa və milli maraqlara əsaslanmalıdır. Türkiyə, Pakistan və İsraillə qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirməli, Türk dünyası ilə inteqrasiyanı strateji hədəfə çevirməliyik. Ortaq türk əlifbasının tətbiqi, ortaq dil zamanın tələbidir.Loqistika, təhsil, elm və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi güclü türk dövlətlərinin yaşam qarantı olacaqdır. Eyni zamanda, Azərbaycan ABŞ və Avropa İttifaqı ilə münasibətlərini daha da yaxınlaşdırmalı, iqtisadi, siyasi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanlarından səmərəli istifadə etməlidir. Türk dünyasına inteqrasiya Qərblə münasibətlərimizə alternativ deyil, əksinə, Azərbaycanın beynəlxalq mövqelərini gücləndirən əlavə strateji üstünlük olmalıdır".
V. Əfəndiyev qeyd edib ki, bizim xarici siyasətimiz hər hansı güc mərkəzindən asılılıq deyil, milli maraqlarımıza əsaslanan çoxşaxəli və balanslı tərəfdaşlıq üzərində qurulmalıdır:
"Lakin bütün bunların reallaşması üçün dövlətimizin daxilində də ciddi keyfiyyət dəyişikliklərinə ehtiyac var. Zəfər qazanmış Azərbaycan demokratik dəyərləri, insan hüquqlarını və qanunun aliliyini daha yüksək səviyyədə təmin etməlidir. Məhkəmələrin müstəqilliyi və şəffaflığı, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi, söz və ifadə azadlığı dövlətin beynəlxalq nüfuzunun əsas göstəricilərinə çevrilməlidir. Siyasi müxalifətə münasibət də yeni dövlətçilik düşüncəsinə uyğun formalaşmalıdır. Müxalifət dövlətin düşməni deyil, ölkənin siyasi həyatının ayrılmaz iştirakçısı və alternativ inkişaf təklifləri irəli sürən ictimai-siyasi qüvvəyə çevrilməlidir. Onun konstruktiv dialoqa cəlb edilməsi, siyasi fəaliyyət imkanlarının genişləndirilməsi, təşkilatlanmasına və seçkilərdə sərbəst iştirakına şərait yaradılması parlamentdə daha geniş və real təmsilçiliyinin təmin olunması demokratik dövlət quruculuğuna xidmət edər. Hakimiyyət və müxalifət arasında sağlam rəqabət və əməkdaşlıq mühiti cəmiyyətin dövlətə inamını artırar. Bu gün Azərbaycanın əldə etdiyi tarixi uğura kölgə salmağa, ölkəmizin beynəlxalq nüfuzunu zəiflətməyə çalışan qüvvələr həm xaricdə, həm də daxildə mövcuddur. Lakin belə cəhdlərə qarşı ən güclü cavabımız qapalı cəmiyyət deyil, güclü dövlət, hüquqi təminatlar, milli birlik, azad vətəndaş cəmiyyəti və beynəlxalq etimad olmalıdır. Zəfərimizin əsl tarixi missiyası torpaqlarımızı azad etməklə bitmir. Onun əsas missiyası azad edilmiş Vətəndə azad, firavan, hüquqi və demokratik cəmiyyət qurmaqdır. Biz gələcək nəsillərə yalnız qalib ölkə deyil, həm də güclü iqtisadiyyata, müstəqil məhkəmələrə, işlək demokratik institutlara, milli-mənəvi dəyərlərinə bağlı və dünyaya açıq bir Azərbaycan miras qoymalıyıq.İnanıram ki, Azərbaycanın növbəti böyük Zəfəri məhz bu istiqamətdə olacaqdır. Milli kimliyinə sadiq, Türk dünyasının ayrılmaz parçası, Qərblə bərabərhüquqlu tərəfdaş, demokratik dəyərlərə söykənən və öz vətəndaşının hüquqlarını ən yüksək səviyyədə qoruyan güclü Azərbaycan!Zəfər bayramınız qutlu olsun !"