Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxış edib. O bildirib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri ortaq dil, tarix və mədəniyyətlə məhdudlaşmır.

Sherg.az xəbər verir ki, Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə Azərbaycana səfəri çərçivəsində Şuşada keçirilən görüşdə çıxış edib.

Tədbirdə ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.

İlham Əliyev: “Türkiyə Azərbaycanın yanında idi”

Dövlət başçısı çıxışında Şuşanın 28 il əsarətdə qalmasına baxmayaraq, öz ruhunu itirmədiyini bildirib.

“Şuşa 28 il əsarətdə qaldı, lakin öz ruhunu itirmədi. Şuşanın azadlığı İkinci Qarabağ müharibəsinin əsas hadisələrindən biri idi. Qardaş Türkiyə xalqı bizim yanımızda idi. Qarabağ müharibəsinin ilk saatlarında verdiyiniz bəyanat bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. 44 gün ərzində siz və qardaş Türkiyə xalqı bizimlə oldunuz. Bu, heç vaxt unudulmayacaq. Sizə və qardaş Türkiyə xalqına minnətdarıq. Dəstəyiniz ruhumuzu yüksəltdi. Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”, – deyə İlham Əliyev bildirib.

Ərdoğan: “Qarabağ Zəfəri bütün Türk coğrafiyasının qürur mənbəyidir”

Daha sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarını salamlayaraq Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan xalqı ilə birlikdə qeyd etməkdən məmnunluğunu ifadə edib.

“Əziz qardaşım, hörmətli nümayəndə heyətinin üzvləri, dəyərli mətbuat nümayəndələri! Sizi öz adımdan, ölkəm və millətim adından ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram. Qarabağ Zəfərinin altıncı ildönümündə sizinlə birlikdə olmağın xoşbəxtliyini yaşayıram. Bu əlamətdar ildönümünü şairin ‘Dilimizdə işlənən ən əziz söz kimi, canımızı isidən ocaq kimi, köz kimi’ ifadələri ilə təsvir etdiyi, ən ətirli güllərlə bəzədilən Şuşada qeyd etməkdən ayrıca məmnunluq duyuram”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə minnətdarlığını bildirib.

“Altı il əvvəl İlham qardaşımın qətiyyətli rəhbərliyi altında vahid yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq nümayiş etdirərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı Qələbə Azərbaycanın haqlı mübarizəsinin ən gözəl təzahürü olmaqla yanaşı, bütün Türk coğrafiyasının qürur mənbəyi olaraq qalır.

Hamınızın bildiyi kimi, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatıb. ‘Bir millət, iki dövlət’ şüarı ilə ifadə etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən güc alaraq gələcəyimizə işıq saçan sönməz məşəldir. Qardaşlığımız ortaq dil, tarix və mədəniyyətin fövqündə dayanır. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru hesab etməyimiz də məhz bundandır”, – deyə Türkiyə lideri vurğulayıb.

“Birliyimizi zəiflətmək istəyənlər məqsədlərinə çata bilməyəcəklər”

Ərdoğan 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə ilə müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərindən danışıb.

“Şuşada imzaladığımız Bəyannamə ilə müttəfiqlik əlaqələri əsasında möhkəmləndirdiyimiz qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi, bu gün də, sabah da öz məqsədlərinə heç vaxt çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim var olacaq.

Biz bu baxışı Türk dünyasında da hakim etmək üçün bütün gücümüzlə çalışırıq. Türk Dövlətləri Təşkilatımızın bu gün çatdığı yüksək səviyyə ortaq iradəmizin və səylərimizin ən konkret nəticəsidir. Bu fürsətdən istifadə edərək, sədrliyi dövründə Türk dünyasının birliyi və həmrəyliyi naminə göstərdiyi səylərə görə Azərbaycana təşəkkür edirəm. İnşallah, biz də sədrliyimiz müddətində təşkilatın daha səmərəli və institusional struktura qovuşması üçün çalışacağıq”, – deyə Türkiyə Prezidenti qeyd edib.

“Qarabağda hər yeni ocaq Azərbaycanın gələcəyə inamını göstərir”

Ərdoğan Azərbaycanın 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsinin Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyduğunu bildirib.

“Bu gün qarşımızda duran vəzifə meydanlarda qazanılan Qələbəni davamlı sülh və sabitliklə taclandırmaqdır. Biz Azərbaycanın haqlı mübarizəsinə dəstək verdiyimiz kimi, regionumuzda davamlı sülhün təmin olunmasına yönəlmiş səmimi səylərini də dəstəkləyirik.

Qarabağın yenidən qurulması və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın göstərdiyi səyləri böyük təqdirlə izləyirik. Qarabağda yenidən tüstülənən hər ocaq, ucaldılan hər bina və bərpa edilən tarixi irs Azərbaycan xalqının gələcəyə olan inamını nümayiş etdirir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti Cəbrayılda Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və tinglik təsərrüfatının yaradılmasından da danışıb.

“Bu yaxınlarda Cəbrayılda Türkiyə-Azərbaycan Beynəlxalq Meşəçilik Təlim Mərkəzinin və Tinglik Təsərrüfatının açılmasının qürurunu yaşadıq. Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə yaradılan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni rəmzinə çevrilib.

Bundan başqa, Ağdamda 14 min 500 kvadratmetr sahəsi olan, 40 sinif otağından ibarət məktəbimizin tikintisinə də başlanılıb. İnşallah, gələn il İlham qardaşımla birlikdə onun açılışını edəcəyik”, – deyə Türkiyə Prezidenti bildirib.

“Şuşa və Füzuli növbəti səfərimizdə daha fərqli olacaq”

Ərdoğan Şuşaya səfər zamanı yeddi ayrı tuneldən keçdiklərini xatırladaraq bölgədə infrastruktur quruculuğunun miqyasına diqqət çəkib.

“Əziz qardaşlarım, sözlərimi yekunlaşdırarkən xüsusilə qeyd etmək istəyirəm ki, bu gün buraya gələrkən yeddi ayrı tuneldən keçdik. Bu tunellər bölgədə infrastruktur quruculuğunun nə dərəcədə uğurla həyata keçirildiyini göstərir. Şuşaya gələrkən haradan haraya gəldiyimizi görməyin xoşbəxtliyini yaşayırıq.

İnanıram ki, növbəti səfərimizdə Şuşa daha fərqli olacaq. Füzuli də tamamilə başqa görkəm alacaq. Çünki bu işə inanmış, özünü bu yola həsr etmiş lider və komanda var. Həmin lider və komanda eyni inam və qətiyyətlə yoluna davam edir.

Qarabağ Zəfərini canları və qanları ilə tariximizə həkk edən əziz şəhidlərimizi bir daha rəhmətlə yad edir, qəhrəman qazilərimizə minnətdarlığımı bildirirəm. Azərbaycanlı qardaşlarımın bu şanlı Qələbəsini bir daha ürəkdən təbrik edirəm. Türkiyə və Türk milləti olaraq hər zaman yanınızda olmağa, kədərinizi kədərimiz, sevincinizi sevincimiz bilməyə davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti çıxışının sonunda mərhum şair Bəxtiyar Vahabzadənin məşhur misralarını da xatırladıb:

“Birdir bizim hər halımız,

Sevincimiz, məlalımız.

Bayraqlarda hilalımız

Azərbaycan-Türkiyə”.

Ərdoğan Allahdan ay-ulduzlu Türkiyə bayrağı ilə şanlı Azərbaycan bayrağının əbədi olaraq göylərdə yanaşı dalğalanmasını diləyib.

O, noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və İlham Əliyevə səmimi qonaqpərvərliyinə görə təşəkkürünü bildirib.