İngilis mediasından iddia: ABŞ Ukrayna torpaqlarını Rusiya kimi tanıyacaq

İngiltərənin “The Telegraph” qəzeti ABŞ Prezidenti Donald Trampın diplomatik ənənələri sarsıdacaq yeni təşəbbüs üzərində çalışdığını yazıb. İddiaya görə, Vaşinqton, Rusiya ilə sülh sazişi əldə etmək məqsədilə Krım və işğal altındakı digər Ukrayna əraziləri üzərində Moskvanın nəzarətini tanımağa hazırlaşır.

Sherg.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Tramp xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşneri Moskvaya göndərərək təklifi birbaşa Vladimir Putinə çatdırıb.

28 maddəlik planin əsas məqamları

Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq;

Herson və Zaporojyedə təmas xətti boyunca döyüşlər dayandırılacaq;

Rusiya qüvvələri razılaşdırılmış digər bölgələri tərk edəcək;

Donetskdə müəyyən hissə neytral, demilitarizasiya olunmuş zona elan ediləcək.

Qəzet yazır ki, plan ABŞ-nin indiyə qədərki xarici siyasət ənənələrinə zidd olduğu üçün Avropada ciddi narazılıq yaradıb. Qərb dövlətləri, sərhədlərin zorla dəyişdirilməsini qəbul edən sülh formuluna qarşı çıxırlar.

Kiyev: Bu, mümkün deyil

Ukrayna tərəfi isə torpaq güzəştinə dair hər cür ssenarini rədd edir. Andriy Yermak bildirib:

“Heç kim Ukrayna torpaqlarından imtina edən sənədi imzalamayacaq. Konstitusiya buna imkan vermir.”

Ağ Ev: Şayiələrə inanmayın

Ağ Evin mətbuat katibi Karolin Leavitt iddiaları cavablandıraraq, danışıqların davam etdiyini, lakin rəsmi açıqlama olmadan yayılan məlumatların ehtimal xarakteri daşıdığını deyib.

Moskva isə işğal altındakı Ukrayna bölgələrinin 10 il ərzində Rusiya sisteminə tam inteqrasiya ediləcəyini bildirir.