Qonşu dövlətlərin təhlükəsizlik, humanitar və miqrasiya siyasətini koordinasiyalı şəkildə həyata keçirməsi xüsusi əhəmiyyət daşıyır
Müstəqil Dövlətlər Birliyi Antiterror Mərkəzi rəhbəri general-polkovnik Yevgeni Sısoyev bildirib ki, Ermənistan, Türkmənistan və Azərbaycan Yaxın Şərqdəki vəziyyət səbəbindən miqrasiya böhranı riski ilə üzləşə bilər.
Onun sözlərinə görə, bölgədə gərginliyin artması genişmiqyaslı miqrasiya axınları və humanitar böhran üçün zəmin yaradır. Sısoyev bu proseslərin Liviya və İraqda yaşanan böhranlara bənzər nəticələr doğura biləcəyini qeyd edib.
Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov Sherg.az-a bildirib ki, hər hansı ölkənin yerləşdiyi regionda və ya qonşuluğunda hərbi münaqişələrin baş verməsi qaçılmaz şəkildə miqrasiya axınlarına səbəb olur. Onun sözlərinə görə, tarixdə bunun çoxsaylı nümunələri müşahidə edilib: 
“Xüsusilə Suriya və İraqda baş verən müharibələr zamanı milyonlarla insan öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qaldı və əsas miqrant və qaçqın axını qonşu ölkələrə, ilk növbədə Türkiyəyə yönəldi. Bu proseslər region ölkələri üçün həm sosial, həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi çağırışlar yaratdı. Vətəndaş müharibələri, xarici müdaxilələr və genişmiqyaslı hərbi əməliyyatlar nəticəsində insanların kütləvi şəkildə məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi müasir dövrdə ən ciddi humanitar problemlərdən biridir. 20-ci və 21-ci əsrlərdə baş verən silahlı münaqişələr zamanı bu tendensiya dəfələrlə özünü göstərib”.
Deputat hesab edir ki, Yaxın Şərqdə gərginliyin artması fonunda region ölkələrinin mümkün miqrasiya risklərinə qarşı hazırlıqlı olması vacibdir. Bu baxımdan Azərbaycan da daxil olmaqla qonşu dövlətlərin təhlükəsizlik, humanitar və miqrasiya siyasətini koordinasiyalı şəkildə həyata keçirməsi xüsusi əhəmiyyət daşıyır: “Müstəqil Dövlətlər Birliyi Antiterror Mərkəzinin apardığı nəzəri araşdırmalarda Azərbaycan, Türkmənistan və Ermənistanın adının çəkilməsi ABŞ-İsrail blokunun İrana qarşı mümkün hərbi müdaxiləsi nəticəsində yarana biləcək miqrasiya və qaçqın axını riskləri ilə əlaqələndirilib. Yaxın Şərqdəki gərginliyin potensial nəticələri Yevgeni Sısoyevin açıqlamasında da açıq şəkildə vurğulanıb. Lakin bu ssenarinin nə dərəcədə real olmasına gəldikdə, nəzərə almaq lazımdır ki, İran və İsrail arasında son dövrlərdə yaşanan qarşıdurmalar əsasən hava hücumları və qarşılıqlı raket zərbələri ilə müşayiət olunub. Məsələn, ötən il baş verən 12 günlük müharibə və son aylardakı qarşıdurmalar zamanı tərəflər əsasən hərbi hava qüvvələri vasitəsilə zərbələr endiriblər. Baxmayaraq ki, müəyyən mərhələlərdə quru əməliyyatlarının mümkünlüyü ilə bağlı mesajlar səsləndirilirdi, praktikada belə bir müdaxilə baş vermədi. Halbuki tarix göstərir ki, kütləvi qaçqın və miqrasiya axınları daha çox genişmiqyaslı quru əməliyyatları, şəhər döyüşləri və uzunmüddətli hərbi işğallar zamanı yaranır. Bu baxımdan hazırkı mərhələdə region ölkələri üçün ciddi miqrasiya təhlükəsinin formalaşdığını söyləmək çətin olsa da, Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi ehtimalı ehtiyatlı yanaşmanı və mümkün risklərin əvvəlcədən qiymətləndirilməsini zəruri edir”.
Birlik sədri qeyd edib ki, vətəndaş müharibələri və xarici hərbi müdaxilələr zamanı insanlar ilk növbədə öz ölkələrinin daxilində daha təhlükəsiz bölgələrə sığınmağa çalışırlar. Yalnız ölkə daxilində təhlükəsiz məkan qalmadıqda və ya müharibə geniş əraziləri əhatə etdikdə miqrasiya axını qonşu dövlətlərə yönəlir və kütləvi xarakter alır. Onun sözlərinə görə, bunun fərqli nümunələri Yaxın Şərqdə baş verən müharibələr zamanı müşahidə olunub: “Məsələn, İraqda hərbi əməliyyatlar əsasən ayrı-ayrı bölgələrdə aparıldığı və ölkənin coğrafi baxımdan geniş əraziyə malik olduğu üçün insanlar daha çox ölkə daxilində yer dəyişməyə üstünlük verirdi. Bu səbəbdən İraq müharibəsi dövründə Suriyada olduğu kimi milyonlarla insanın eyni vaxtda qonşu ölkələrə axını müşahidə edilmədi. Suriyada isə vəziyyət fərqli idi. Müharibənin demək olar ki, bütün ölkə ərazisini əhatə etməsi, təhlükəsiz zonaların azalması və uzunmüddətli qarşıdurmalar nəticəsində milyonlarla insan ölkəni tərk etmək məcburiyyətində qaldı və regionda böyük qaçqın böhranı yarandı. İranda hazırkı mərhələdə genişmiqyaslı quru əməliyyatları real görünmür. Lakin belə bir ssenari baş verərsə və paralel olaraq ölkə daxilində vətəndaş qarşıdurması yaranarsa, bu halda qonşu dövlətlərə, o cümlədən region ölkələrinə doğru kütləvi miqrasiya axını ehtimalı arta bilər”.
Deputat vurğulayıb ki, miqrant axını ilə ölkəyə gələn şəxslərlə sığınacaq almaq məqsədilə müraciət edən qaçqınların hüquqi statusu bir-birindən fərqlənir. Onun sözlərinə görə, Azərbaycan miqrasiya mübadiləsinin intensiv olduğu ölkələrlə daim müəyyən miqrasiya axınları ilə qarşılaşır və müxtəlif məqsədlərlə insanlar dövlət sərhədini keçərək ölkə ərazisinə daxil olurlar: “1951-ci il Qaçqınların Statusu haqqında Konvensiyaya əsasən, xarici ölkədə sığınacaq axtaran şəxslər “qaçqın” və ya “sığınacaq axtaran şəxs” statusu daşıyırlar və onların qəbul prosedurları adi miqrasiya prosesindən fərqlənir. Azərbaycanın aidiyyəti dövlət qurumları regionda və qonşu ölkələrdə baş verən müharibə və böhran risklərini daim nəzərə alır və bu səbəbdən gücləndirilmiş hazırlıq rejimində fəaliyyət göstərir. Hələ 2005–2006-cı illərdə ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi ilə bağlı ehtimallar gündəmdə olarkən belə, Azərbaycanda müvəqqəti düşərgələrin yaradılması və mümkün humanitar ssenarilərlə bağlı ilkin fəaliyyət planları hazırlanmışdı. Hazırda da ölkədə mümkün böhran vəziyyətləri ilə bağlı çevik fəaliyyət mexanizmləri və koordinasiya olunmuş idarəetmə alqoritmləri mövcuddur. Miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət qurumları müxtəlif ehtimal ssenarilərinə uyğun hazırlıq işləri aparmaq və operativ qərarlar vermək imkanına malikdir”.
A. Allahverənov əlavə edib ki, Azərbaycanın aidiyyəti strukturları miqrant və qaçqınların hüquq və azadlıqlarının qorunması, beynəlxalq humanitar prinsiplərin tətbiqi və bu sahədə yaranan vəziyyətlərə adekvat reaksiya verilməsi istiqamətində kifayət qədər təcrübəyə sahibdir.