İranın parçalanmasında Qərb dünyası maraqlı deyil - ŞƏRH

"Ancaq ixtişaşların yaratdığı şərait Tramp və Netanyahunun qərarlarına regional risklər nəzərə alınmaqla əhəmiyyətli təsir göstərə bilər"

On gündən artıqdır ki, İranda davam edən ixtişaşlar və mitinqlər artıq xalq üsyanı formasını alıb. Bu ixtişaşlarda konkret lider olmadığından, yekdil tələblər irəli sürülmədiyindən xalqın qarşısında faktiki olaraq iki seçim qoyulub. Bu seçimlərdən biri molla-teokratik rejimin davamı, digəri isə Şah Pəhləvi monarxiyasının yenidən İran hakimiyyətinə qaytarılmasıdır.

Görünən odur ki, İran xalqı iki seçimdən birinə məcbur edilir.

İrandakı prosesləri şərh edən siyaasi ekspert Vüqar Dadaşov "Sherg.az"a açıqlamasında bildirib ki, bu proseslərdə xalqın qarşısında yalnız iki seçimdən birinin qoyulması Qərb dünyasının İranın yaradılması ilə bağlı tarixi missiyasının icrasının davam etdirilməsi ilə əlaqədardır. Onun sözlərinə görə, İran ümumiyyətlə İslam dünyasının parçalanması, Türk dünyasına qarşı çəkindirici və rəqabət mərkəzi kimi yaradılıb:

"Bu gün də həmin funksiyanı davam etdirir, İslam dünyasında dini ayrı-seçkiliyin və nifrətin dərinləşməsinə xidmət etmiş, İsrailə qarşı əsassız, təsirsiz təhdidlər və sünni təhlükələr yaratmaqla İsrailin regionda hərbi gücünün artmasına, işğalçılığına əsas verməklə öz missiyasını davam etdirir.

ABŞ və İsrailin İranda mövcud imkanlarını nəzərə alaraq proseslərin analizi onu göstərir ki, Vaşinqton və Təl-Əviv Xameneyi hakimiyyətinin devrilməsində tərəddüd edir. Əlbəttə ki, bu, ilk növbədə proseslərin nəzarətdən çıxması və İranın parçalanma ehtimalının yüksəlməsi ilə bağlıdır. Hər dəfə İranda xalq narazılığı ilə başlanan etirazlar başlayanda proseslərə digər, xüsusən də Türkiyənin müdaxiləsinin qarşısını almaq üçün Türkiyənin daxilində də və ya Türkiyə ilə bağlı regionda konfliktlər, qarşıdurmalar, təxribatlar baş verir ki, Türkiyənin müdaxilə imkanları məhdudlaşsın, İranın bütövlüyünü qoruyub saxlamaq mümkün olsun.

Ancaq bu, o demək deyil ki, İranda vəziyyət ABŞ, İsrail və ümumiyyətlə Qərbin istəyinə uyğun gedəcək. Proseslərin nəzarətdən çıxma ehtimalı yüksəkdir".

V. Dadaşovun sözlərinə görə, İsrail və ABŞ-ın da İrana müdaxilədən ehtiyatlı davranması vəziyyətə mənfi təsir etməmək məqsədi daşıyır: "Əlbəttə ki, proseslərin axarından asılı olaraq ABŞ və İsrailin hərbi müdaxiləsi də daimi olaraq masadadır və son qərarda Azərbaycanın, Türkiyənin təsir imkanlarının nəzərə alınması ehtimalı yüksəkdir.

Hər bir halda İranda baş verən bu proseslər onu göstərir ki, rejimin dəyişdirilməsi gündəmdə olsa da, İranın parçalanmasında Qərb dünyası maraqlı deyil və İran nəzərdə tutulmuş rolunu davam etdirməlidir. Ancaq ixtişaşların yaratdığı şərait Tramp və Netanyahunun qərarlarına regional risklər nəzərə alınmaqla əhəmiyyətli təsir göstərə bilər.

İranda son məlumatlara görə yüzə yaxın itki var, yaralıların sayı isə həddindən artıq çoxdur. Buna baxmayaraq, bu vəziyyətdə İranda vahid liderin ortaya çıxmaması, təbii ki, Qərb dünyasının planlarına uyğundur. Lakin xalqın qarşısında qoyulan bu iki şərt – ya teokratik rejimin davamı, ya da monarxiyanın bərpası – Cənubi Azərbaycanın taleyini müstəqil şəkildə həll etməsini zərurətə çevirir. Cənubi Azərbaycan bu iki rejim dövründə ən çox əzab-əziyyətə çəksə də, aborigen xalq olaraq İran dövlətinin formalaşmasının əsas sosial və milli mənbəyi, bazasıdır. Bu iki seçim məcburiliyi isə Cənubi Azərbaycanın öz müstəqilliyini elan etməsini şərtləndirir".