- Asif Nərimanlı: “Cənubi Qafqazın gələcəyi artıq region ölkələrinin öz əlindədir”
- Cənubi Qafqazda 100 illik siyasi mənzərə dəyişir
Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı son illərdə Cənubi Qafqazda baş verən mühüm siyasi dəyişikliklərdən, Ermənistanla sülh prosesindən və regionda formalaşan yeni geosiyasi reallıqlardan danışıb. Dövlət başçısı ötən iki il ərzində dünyada və regionda həm müsbət, həm də mənfi istiqamətdə ciddi dəyişikliklərin baş verdiyini vurğulayaraq, Ermənistanla sülhün əldə olunmasını mühüm nailiyyətlərdən biri kimi qiymətləndirib.
Prezident İlham Əliyev sülh sazişinin ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmasının xüsusi rəmzi məna daşıdığını qeyd edib. Dövlət başçısı bildirib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri fikir ayrılıqlarına dair sənəd deyil, sülh sazişinin paraflanmış mətnini ABŞ Prezidentinin qarşısında imzalayıblar. Bununla yanaşı, Birgə Bəyannamənin imzalanması da sülh prosesində mühüm mərhələ olub.
Azərbaycan Prezidenti vurğulayıb ki, əldə olunan nəticələr yalnız Azərbaycanın ərazi bütövlüyünün və ədalətin bərpası ilə məhdudlaşmır. Bu proses Cənubi Qafqazda dövlətlərarası münasibətlər sistemində yeni mərhələnin başlanmasına və regionun gələcək inkişafı üçün fərqli siyasi şəraitin yaranmasına zəmin yaradıb. İlham Əliyevin sözlərinə görə, formalaşan yeni reallığın Ağ Evdə rəsmiləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı bu hadisələri Cənubi Qafqazın müstəqil dövlətlərinin tarixində əvvəllər mövcud olmayan tamamilə yeni vəziyyətin yaranması kimi səciyyələndirib.
Mövzu ilə bağlı Sherg.az-a açıqlama verən politoloq Asif Nərimanlı bildirib ki, Prezident İlham Əliyevin çıxışı, yəni səsləndirdiyi fikirlər, əslində, Cənubi Qafqazda mövcud reallığı tamamilə izah edir:

“Çünki 2020-ci ildə Azərbaycan torpaqlarının işğal altında olduğu dövrdə Cənubi Qafqazda tamamilə fərqli bir mənzərə var idi. Bu, təkcə Azərbaycanla Ermənistan arasındakı düşmənçilikdən ibarət deyildi. Həm bu düşmənçilik, həm də bunun üzərindən regionda formalaşan güc balansı region ölkələrinin xeyrinə olmayan bir vəziyyət yaratmışdı. Qarabağ məsələsindən regiondakı maraqları naminə istifadə etmək istəyən həm region ölkələri, həm də regiondan kənar güclər münaqişənin davam etməsində maraqlı idilər və bu münaqişədən yararlanırdılar. Həm siyasi, həm də iqtisadi baxımdan, xüsusən də regiondakı güc balansını öz xeyirlərinə dəyişmək baxımından bu münaqişədən istifadə edirdilər. Amma İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz torpaqlarını azad etdi və Qarabağ münaqişəsi tamamilə sıfırlandı”.
Analitik qeyd edib ki, Qarabağ münaqişəsinin aradan qalxması regionda tamamilə yeni bir vəziyyət yaradıb:
“Son 100 il ərzində Cənubi Qafqazdakı siyasi mənzərə Qarabağ məsələsi və münaqişə üzərindən formalaşmışdı. Amma bu münaqişənin həlli bütün bunları tamamilə dəyişdirdi və güc balansında yeni bir siyasi nizam yaratdı. Bu siyasi nizamda ilk növbədə Azərbaycanla Ermənistan arasındakı düşmənçilik məsələsi aradan qalxır. Yəni, artıq sülh sazişinin paraflanması, tərəflər arasındakı mövcud münasibətlər, aparılan danışıqlar da prosesin sülhə doğru getdiyini deməyə əsas verir. Digər tərəfdən, yekun sülh sazişinin imzalanması müəyyən qədər uzana da bilər, daha tez də baş tuta bilər. Amma məlum olan odur ki, artıq münaqişə yoxdur. Münaqişənin olmaması, onun tamamilə həll edilməsi Cənubi Qafqazda ilk növbədə region ölkələrinin maraqlarına uyğun bir siyasi mənzərə yaradıb. Bunu iki kontekstdən dəyərləndirmək olar. Birincisi, region ölkələri artıq xarici siyasətdə manevr imkanlarını genişləndirirlər. Yəni, Azərbaycan bilir ki, onun dərin strategiyaya əsaslanan xarici siyasəti var. Amma təkcə Azərbaycan deyil, Ermənistan da artıq daha müstəqil xarici siyasət yürütmək imkanları qazanır. Yəni, bu gün Ermənistan təkcə region ölkələri ilə deyil, həm də Avropa ölkələri ilə daha rahat və asan şəkildə münasibətlər qura bilir. Amma Qarabağ münaqişəsinin mövcud olduğu dövrdə Ermənistan faktiki olaraq böyük ölçüdə Rusiyadan asılı vəziyyətdə idi”.
Ekspert vurğulayıb ki, əsas məsələlərdən biri regionda güc balansının tamamilə dəyişməsidir:
“Yəni, indiyə qədər, yüz illərdir regionda müəyyən bir daşlaşmış mənzərə var idisə, artıq regiondakı oyunçular və faktorlar dəyişib. Xüsusən də Amerikanın bölgəyə gəlişi tamamilə yeni bir vəziyyət yaradıb. Təbii ki, bu da yenə region ölkələrinin öz maraqlarına uyğun olan məsələdir. Ən önəmli məsələlərdən biri odur ki, artıq münaqişənin aradan qalxması regionda təkcə sabitliyi, stabilliyi və sülhü təmin etmir, həm də inkişaf, yəni həm iqtisadi, həm də siyasi əməkdaşlıq baxımından inkişaf perspektivlərini gücləndirir. Bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin yenidən qurulması da mühüm əhəmiyyət daşıyır. Və bu proses təkcə iki ölkə ilə məhdudlaşmır, buraya Gürcüstanı da əlavə etmək lazımdır. Azərbaycan və Ermənistan arasında olan münaqişə Gürcüstana da mənfi təsir edirdi və maraqlarına uyğun deyildi. Artıq bu məsələlər aradan qalxdığı üçün Gürcüstan üçün də regionda yeni imkanlar yaranıb. Yəni, bu o deməkdir ki, Cənubi Qafqazın hər üç ölkəsi artıq yeni mərhələdə sırf öz maraqlarını təmin etmək kontekstində imkanlarını genişləndirə biliblər. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər məhz bu reallığı əks etdirir. Bu reallığın ən önəmli məsələlərindən biri də məhz region ölkələrinin talelərinin, gələcəklərinin öz əllərində olmasıdır. Siyasətdə ən önəmli məsələlərdən biri manevr imkanlarının genişlənməsidir. Daha öncə münaqişənin mövcud olduğu dövrdə bu imkanlar xeyli məhdud idi. Amma bu gün artıq region ölkələri daha müstəqil şəkildə, öz milli maraqlarına uyğun siyasət həyata keçirə bilirlər. Bu imkanlar daha da genişlənib”.