- Ölkəmiz gücləndikcə beynəlxalq münasibətlərdə öz mövqeyini daha inamla müdafiə etməlidir
Prezident İlham Əliyev Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın Ermənistanın hərbi təcavüzü və işğalı ilə üzləşdiyi dövrdə beynəlxalq təşkilatlardan ədalətli mövqe gözlədiyini, lakin bu gözləntilərin tam doğrulmadığını bildirib. Dövlət başçısı vurğulayıb ki, uzun illər davam edən danışıqlar münaqişənin həllinə gətirib çıxarmayıb. Buna baxmayaraq, Azərbaycan xalqının milli iradəsi və birliyi ölkənin ərazi bütövlüyünün bərpasında həlledici rol oynayıb.
Xatırladaq ki, Azərbaycan beynəlxalq təşkilatlara üzv olarkən ərazilərinin işğal altında olması və bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulması ilə bağlı beynəlxalq hüquqa əsaslanan ədalətli mövqe gözləyirdi. Lakin son 30–35 il ərzində Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı aparılan müzakirələr bu gözləntiləri doğrultmadı. Bir çox hallarda işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistan arasında fərq qoyulmadı, bəzi məqamlarda isə İrəvana açıq siyasi dəstək ifadə olundu.
2020-ci ildə Azərbaycanın ərazilərini işğaldan azad etməsindən sonra Cənubi Qafqazda yeni reallıqlar formalaşsa da, bəzi Avropa institutlarının Azərbaycana münasibətdə əvvəlki yanaşmaları dəyişməyib.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Sherg.az-a açıqlamasında Qarabağ münaqişəsi dövründə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığını, Avropa institutlarında ikili standartlar məsələsini və Ermənistan-Azərbaycan münasibətlərində mövcud vəziyyəti şərh edib.
O qeyd edib ki, Azərbaycan uzun illər ərzində Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq üçün beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalışıb. Lakin bu səylər zamanı Azərbaycanın mövqeyinə münasibətdə ikili standartlar özünü göstərib:
“Azərbaycan beynəlxalq hüquqa və beynəlxalq ədalətə inanaraq uzun illər münaqişənin beynəlxalq təşkilatlar vasitəsilə həllinə ümid edirdi. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Avropa institutlarında müzakirələr bu siyasətin mühüm istiqamətləri idi. Azərbaycan hesab edirdi ki, beynəlxalq ictimaiyyətin mövqeyi Ermənistanın işğal siyasətinə son qoyulmasına və torpaqlarımızın azad edilməsinə kömək edəcək. Çox təəssüf ki, Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakına baxmayaraq, münaqişə ilə bağlı məsələlərə münasibətdə tərəflər arasında bərabər məsafə saxlanılması yanaşması bir sıra hallarda işğala məruz qalan ölkə ilə işğalçı tərəfin eyni müstəvidə təqdim olunmasına gətirib çıxarıb. Azərbaycanın əsas narazılığı ondan ibarət idi ki, əraziləri işğala məruz qalan, yüz minlərlə vətəndaşı doğma yurdlarından didərgin düşən bir ölkə ilə işğal faktı arasında kifayət qədər aydın fərq qoyulmurdu. Bəzi Avropa parlamentarilərinin çıxışlarında Qarabağın statusu və Ermənistan tərəfinin mövqeyi ön plana çəkilir, Azərbaycanın ərazi bütövlüyü məsələsi isə arxa plana keçirdi. Biz bunu ikili standartların təzahürü kimi qiymətləndiririk”.
Hüquq müdafiəçisi hesab edir ki, beynəlxalq təşkilatlarda ayrı-ayrı ölkələrlə bağlı məsələlərin gündəliyə çıxarılması və onlara münasibət müəyyən hallarda siyasi yanaşmalardan təsirlənir. Onun sözlərinə görə, Azərbaycanla bağlı tənqidi məsələlər beynəlxalq platformalarda mütəmadi müzakirə edildiyi halda, Ermənistanla bağlı oxşar məsələlərə münasibətdə eyni səviyyədə diqqət göstərilməməsi ikili standartlar ətrafında müzakirələri daha da dərinləşdirir.
Əhməd Şahidov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini ölkənin müasir tarixində mühüm hadisə kimi səciyyələndirib:
“Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi son onilliklərin münaqişələr tarixində diqqətəlayiq hadisələrdən biridir. Bu proses Azərbaycanın uzun illər ərzində həyata keçirdiyi siyasət, hərbi imkanları və diplomatik səyləri kontekstində qiymətləndirilməlidir. Münaqişələrin həllində konkret nəticələr əldə etmək üçün siyasi iradə ilə yanaşı, real imkanlar və əlverişli şərait də mühüm rol oynayır. Qarabağ münaqişəsinin hərbi mərhələsinin başa çatması və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə beynəlxalq müzakirələrin mövzusu dəyişsə də, ölkəyə qarşı tənqidi yanaşmalar aradan qalxmayıb.
Hazırda Qarabağda və ətraf ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və Ermənistanla sülh gündəliyi beynəlxalq müzakirələrin mühüm istiqamətlərindəndir”.
Hüquq müdafiəçisi Qarabağdan ermənilərin köçürülməsi ilə bağlı beynəlxalq platformalarda səsləndirilən iddiaların da siyasi mübahisələrin predmetinə çevrildiyini bildirib. O, bu məsələlərin qiymətləndirilməsində konkret faktlara, hüquqi sənədlərə və müstəqil araşdırmalara əsaslanmağın vacibliyini vurğulayıb:
“Bu gün Azərbaycan öz ərazilərində bərpa işləri aparır, keçmiş məcburi köçkünlərin geri qayıdışını təmin edir və Ermənistanla sülh gündəliyini davam etdirməyə çalışır. Buna baxmayaraq, Azərbaycanla bağlı tənqidi çıxışların və siyasi mübahisələrin davam etdiyini görürük. Mən hesab edirəm ki, ölkəmiz gücləndikcə beynəlxalq münasibətlərdə öz mövqeyini daha inamla müdafiə etməlidir. Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri milli maraqların qorunması, ərazi bütövlüyünün möhkəmləndirilməsi və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinin müdafiəsi olmalıdır. Beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin müdafiəsi yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, hüquqi arqumentlər, diplomatik fəallıq və beynəlxalq tərəfdaşlarla ardıcıl əməkdaşlıq vasitəsilə davam etdirilməlidir”.