Moldova səfiri: Xocalıda həyatın yenidən canlandığını görmək sevindiricidir

Xankəndi, Laçın və digər ərazilərdə həyata keçirilən infrastruktur layihələri regionun böyük perspektivlərə malik olduğunu göstərir.

Bunu İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları ilə azad edilmiş ərazilərə səfər edən Moldovanın Azərbaycandakı səfiri Aleksandr İsaulenko APA-ya açıqlamasında bildirib.

Moldova səfiri Qarabağda bərpa işlərinin aparılmasını və həyatın yenidən canlanmasını yüksək qiymətləndirib.

O bildirib ki, Xankəndi, Laçın və digər ərazilərdə həyata keçirilən infrastruktur layihələri regionun böyük perspektivlərə malik olduğunu göstərir: “Burada gördüyümüz infrastruktur layihələri məndə yenidən böyük heyranlıq doğurur. Bu layihələrin sürətlə həyata keçirilməsi bütövlükdə Qarabağ regionunun, Xankəndi və Laçının böyük perspektivlərə malik olduğunu göstərir. Bura Azərbaycanın ən gözəl yerlərindəndir və bu əraziləri ziyarət etmək hər zaman xoşdur. Azərbaycan rəhbərliyinin insanların bu torpaqlara qayıtması, burada həyatın yenidən canlanması üçün göstərdiyi səylər regionun gələcəyinin böyük olduğunu nümayiş etdirir”.

Səfir müasir texnologiyalardan və bərpa olunan enerji mənbələrindən istifadə edilməklə kəndlərin bərpasını da müsbət qiymətləndirib.

Aleksandr İsaulenko Xocalıda faciə qurbanlarının xatirəsinə yaradılmış kompleksin onda dərin kədər doğurduğunu bildirib. O, 1992-ci ilin fevralında baş vermiş faciənin unudulmamalı olduğunu vurğulayaraq belə hadisələrin bir daha təkrarlanmamasının vacibliyini qeyd edib:

“Xocalıda gördüklərimiz, o cümlədən faciə qurbanlarının xatirəsinə yaradılmış kompleks bizdə ikili hisslər doğurur. İlk növbədə, kədər və hüzn hissi keçiririk. Həlak olmuş uşaqların, böyüklərin və yaşlı insanların fotolarını gördük. Onlar 1992-ci ilin fevralında böyük faciə yaşayıblar. Bu, təbii ki, insanda dərin kədər hissi yaradır. Eyni zamanda, həmin ərazidə həyatın yenidən canlandığını, evlərin bərpa olunduğunu görmək sevindiricidir. Düşünürük ki, bu proses Qarabağ regionunun və bütövlükdə bölgənin inkişafına müsbət təsir göstərəcək.

Xocalı faciəsini unutmaq olmaz. Onu yadda saxlamalıyıq ki, belə hadisələr bir daha təkrarlanmasın”.

Səfir, həmçinin tarixi torpaqlarında yaşamış insanların mümkün qədər çoxunun öz yurdlarına qayıtmasını arzuladığını bildirib.