“Boz zona hücumları alyansın ən zəif nöqtəsini üzə çıxarıb”
Polşanın Baş naziri Donald Tusk Baltikyanı ölkələrdə pilotsuz uçuş aparatları ilə bağlı insidentlərin sayının artmasının Avropada hərbi münaqişə təhlükəsini real etdiyini bildirib.
Donald Tuskın açıqlaması NATO təhlükəsizlik mühitində yeni mərhələyə keçidi göstərir. Hava məkanı pozuntuları artıq tək-tək insident kimi yox, regional təhlükə kimi qiymətləndirilir. Bu isə Avropa-Atlantik təhlükəsizlik memarlığında struktur dəyişimin başladığını göstərir. Xüsusilə Şərqi Avropa və Qara dəniz xəttində artan dron təhdidləri bu prosesin əsas göstəricisidir. NATO üçün müdafiə yanaşmalarının yenilənməsi zərurəti getdikcə daha da aydın görünür.
Ehtiyatda olan hərbi pilot, hərbi ekspert Hüseyn Fazla Sherg.az-ın Avropada artan gərginliklə bağlı suallarını cavablayıb:
-"Donald Tuskın açıqlaması hansı strateji mənaya gəlir?
-Bu açıqlamanın və vurğunun altından bir daha xətt çəkmək, məsələnin sadəcə lokal hava məkanı pozuntusu olmadığını, bütün Avropa-Atlantik təhlükəsizlik memarlığını sarsıdan struktur dəyişiklik olduğunu göstərir. Donald Tuskın işarə etdiyi “reallaşan təhdid”, əslində NATO-nun bütün sərhəd xətlərində, xüsusilə Türkiyə də daxil olmaqla Şərqi Avropada yeni müdafiə doktrinasına ehtiyac yaradır.
-Hava məkanının pozulması hallarını lokallıqdan çıxarıb regional təhdidə çevirən əsas amillər hansılardır? Bu vəziyyət NATO-nun Şərq Cinahında hansı zəncirvari riskləri formalaşdırır?
-NATO-nun Şərq cinahında heç kimin inkar edə bilməyəcəyi şəkildə dron hücumlarının nəticəsində “Bütövləşmiş Təhlükəsizlik Açığı” adlandıra biləcəyimiz vəziyyət ortaya çıxıb. Baltikyanı ölkələrdə və Polşada artan bu tip pozuntu halları alyansın sanki səbirini sınaqdan keçirir. Ancaq bu təhdid təcrid olunmuş deyil. Şimaldakı bu hərəkətlilik cənuba doğru endikcə Qara dəniz hövzəsinin təhlükəsizlik memarlığına da birbaşa təsir edir. Polşanın bu gün PUA və ya dronlarla yaşadığı sərhədlərarası “spillover” (münaqişənin yayılması və ya daşması) riski ilə bağlı xəbərdarlığı Rumıniya və Bolqarıstan kimi Alyans üzvü ölkələr üçün də həm hava, həm də dəniz səlahiyyəti sahələrində (xüsusilə enerji dəhlizləri üzərində) eyni dərəcədə keçərli risk təşkil edir.
-Niyə müasir hava hücumundan müdafiə sistemləri aşağı hündürlükdə uçan dronlara qarşı çətinlik çəkir?
-Tuskın bəhs etdiyi “mənbəyi bilinməyən” sərbəst dronlar və ya hədəf çaşdıran sistemlər müasir hava hücumundan müdafiə şəbəkələrinin ən çətin hədəflərindəndir. Ballistik raketləri, xüsusilə hipersəs versiyalarını (HGV/MIRV kimi) dayandırmaq üçün hazırlanmış mürəkkəb və yüksək maliyyətli anti-ballistik şəbəkələr, aşağı hündürlükdən sızan, radar görünmə sahəsi zəif olan və asimmetrik təhdid yaradan dronlara qarşı zaman-zaman yetərsiz qala bilir.
Bu vəziyyət radar şəbəkələrinin yenilənməsini və daha aşağı maliyyətli, yüksək dəqiqlikli yeni nəsil önləyici raketlərlə yanaşı, məsələn Türkiyənin MKE istehsalı olan TOLGA sistemi kimi yaxın hava müdafiə silah sistemlərinin istifadəsini zəruri edir. Bu tip sistemlər 3000 metr altındakı hündürlüklərdən yaxınlaşan mini/mikro PUA-lara, kamikadze dronlara, ağıllı sursatlara və qanadlı raketlərə qarşı inkişaf etdirilir. Buna görə də onlar Patriot tipli bahalı sistemlərlə müqayisədə olduqca sərfəli həllər təqdim edə bilirlər. Bu çərçivədə TOLGA tipli yeni nəsil antidron sistemlərinin sərhəd xətlərinə inteqrasiyası zərurəti mövcuddur.
-Tuskın açıqlamasına mövzu olan hücumların qəsdən təxribatmı, yoxsa texniki nasazlıqmı olduğunun müəyyən edilə bilməməsini necə oxuyursunuz?
-Əslində bu, hibrit müharibənin tam mərkəzində yer alan və diplomatik həssaslıq daşıyan “boz zonanı” formalaşdırır. Bu, bir növ NATO-nu diplomatik iflic vəziyyətinə salmağı hədəfləyən boz zona hücum strategiyasıdır. Bu strategiyaya vaxtında və ən uyğun şəkildə cavab verə bilmək üçün Baltik ölkələri və Polşa, NATO-dan sərhəd xətlərində daha aqressiv, aydın qaydalar tələb edir. Çünki bu təhdid spektri, yeni döyüşə giriş qaydaları ilə yanaşı yeni nəsil hava müdafiə silah sistemlərinin inkişaf etdirilməsini də zəruri edir.
-Rusiyanın mövqeyi bəs?
-Rusiyanın və ya münaqişə tərəfi olan digər ünsürlərin bu qeyri-müəyyənlikdən bir rıçaq kimi istifadə etməsi Avropa ölkələrini siyasi baxımdan yorur. Bu vəziyyət NATO üzvü sərhəd dövlətlərinin təkbaşına deyil, kollektiv iradə ilə “müəyyən edilə bilməyən hava vasitələrinə dərhal müdaxilə” səlahiyyəti tələb etmələrinə və ya birlikdə hərəkət etmə zərurətinə işarə etmələrinə səbəb olur.
-Şimaldakı hadisələr Alyansa necə təsir edir?
-Şübhəsiz ki, şimaldakı bu istiləşmənin ümumi alyans strategiyalarına təsiri qaçılmazdır. Bu istiləşmə iyul ayında keçiriləcək 2026 NATO Ankara Zirvəsi öncəsində bütün alyansın klassik inteqrasiyasını gündəmə gətirir. Bununla hava müdafiə memarlığı ilə yanaşı dronlara qarşı yeni və genişmiqyaslı müdafiə doktrinasının hazırlanmasını, nəticə etibarilə isə struktur dəyişikliklərinin sürətləndirilməsini gözləmək olar. Baltik bölgəsi ilə Polşadakı PUA böhranları NATO-nun dronlara qarşı “çəkindiricilik” baxımından nələr etməli olduğuna dair yeni baxışın formalaşdırır. Bu, NATO miqyasında keçərli olacaq “PUA müdafiə konsepsiyası”nın yazılmasını və bu istiqamətdə Ankara Zirvəsində yeni qərarların qəbul edilməsini zəruri edir.
-Yeri gəlmişkən, Zirvəyə Ankaranın ev sahibliyi etməsinin Türkiyəyə xeyri nədir?
-Zirvənin Türkiyənin ev sahibliyində keçirilməsi Şərqi Avropa və Qara dəniz təhlükəsizliyində Montrö Konvensiyasının yaratdığı həssas balans qorunarkən Ankaraya ciddi diplomatik rıçaq təqdim edir.
Bu, regional sahibliyin Qərbi Qara dəniz üzərindən NATO strategiyasının mərkəzinə daha güclü şəkildə yerləşdirilməsinə imkan yaradır.
-Ankara Zirvəsindən gözləntiləriniz nələrdir?
-Ankara Zirvəsində bütövləşmiş hava müdafiəsi ehtiyacları çərçivəsində NATO-nun yalnız milyardlarla dollar dəyərində anti-ballistik raket sistemlərinə deyil, aşağı hündürlükdən sızan asimmetrik və ucuz dronlara qarşı da təcili həllər istehsal etməsi üçün məcburedici qərar qəbul ediləcəyini gözləyirəm. Beləliklə, “marşrutundan çıxan və ya müəyyən edilə bilməyən ünsürlərə” qarşı koordinasiyalı önləmə doktrinasının inkişaf etdirilməsi mümkün olacaq. Polşa kimi ölkələrin yaşadığı problemlərin həlli istiqamətində NATO-nun məsuliyyət götürdüyü göstəriləcək.
Bundan əlavə, NATO-nun süni intellektlə optimallaşdırılmış çoxqatlı hava müdafiə sistemlərinin inkişaf etdirilməsi üçün, məsələn Türkiyənin bu sahədəki təcrübəsini nəzərə alaraq, Türkiyənin liderliyi ilə NATO antidron qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə iş başlanıla bilər. Zirvədə Finlandiya, Baltik ölkələri, Polşa, Rumıniya, Bolqarıstan və Türkiyənin formalaşdırdığı Şərqi Avropa xəttinin hava müdafiə memarlığı “ağıllı sensorlar və avtonom önləyicilər”lə gücləndirilmək üçün xüsusi NATO fondunun yaradılması da mümkündür.