- Baş nazir erməni cəmiyyətini onilliklər ərzində dövlət siyasətinin əsasına çevrilmiş ərazi iddialarından imtinaya hazırlamalıdır
Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsi ilə bağlı xalqa müraciət etməyə hazırlaşması ölkənin siyasi gündəmində mühüm müzakirələrə səbəb olub. Layihənin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir. Konstitusiya dəyişiklikləri həm Ermənistanın gələcək dövlətçilik modelinə, həm də Azərbaycanla münasibətlərin normallaşmasına və Cənubi Qafqazda davamlı sülh perspektivlərinə təsiri baxımından diqqət çəkir.
Sherg.az xəbər verir ki, siyasi şərhçi Elçin Alıoğlu Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsi ilə bağlı xalqa müraciət etməyə hazırlaşmasının adi siyasi açıqlama olmadığını bildirib:

“Bu, Ermənistanın gələcək dövlətçilik modelini, Azərbaycanla münasibətlərini və Cənubi Qafqazda sülh perspektivlərini müəyyənləşdirə biləcək mühüm mərhələdir.
Ermənistan parlamentinin sədr müavini Van Aleksanyanın sözlərinə görə, yeni Konstitusiya layihəsi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.
Bunun təsadüfi olduğunu düşünmürəm. Paşinyan anlayır ki, söhbət yalnız hüquqi islahatdan getmir. O, erməni cəmiyyətini onilliklər ərzində dövlət siyasətinin əsasına çevrilmiş ərazi iddialarından imtinaya hazırlamalıdır.
Azərbaycan üçün əsas məsələ Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi və siyasi əsas verən müddəaların aradan qaldırılmasıdır.
Xatırladım ki, Ermənistanın mövcud Konstitusiyasının preambulasında ölkənin Müstəqillik Bəyannaməsinə istinad olunur. Həmin bəyannamə isə 1989-cu ildə Ermənistanla Qarabağın birləşdirilməsinə dair qəbul edilmiş qərara əsaslanır. Bakı bu ziddiyyətin aradan qaldırılmasını sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən biri hesab edir.
Məlumdur ki, Ermənistan hakimiyyəti Konstitusiyanın dəyişdirilməsini ölkənin daxili məsələsi kimi təqdim edir. Maraqlıdır ki, Aleksanyan özü də Müstəqillik Bəyannaməsinə istinadın Azərbaycan qarşısında ərazi iddiaları mənası daşıdığını faktiki olaraq etiraf edir”.
Analitik qeyd edib ki, Paşinyanın qarşısında üç ciddi problem dayanır:
“Birincisi, erməni cəmiyyətinə izah etməlidir ki, Azərbaycana qarşı ərazi iddialarından imtina milli məğlubiyyət deyil. Əksinə, bu, Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində inkişafının zəruri şərtidir.
İkincisi, revanşist müxalifətin müqavimətini dəf etməlidir. Yeni Konstitusiya layihəsinin referenduma çıxarılması üçün parlamentdə azı 70 səs tələb olunur. Hakim partiyanın isə bu məqsədə çatmaq üçün əlavə səslərə ehtiyacı var. Başqa sözlə, parlamentdə kifayət qədər dəstək qazanmaq Paşinyan üçün ciddi siyasi sınaq olacaq.
Üçüncüsü, Ermənistan vətəndaşlarını yeni Konstitusiyanın qəbulunun Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması üçün real və dayanıqlı zəmin yaradacağına inandırmalıdır.
Bununla belə, Konstitusiyanın dəyişdirilməsi avtomatik olaraq sülh müqaviləsinin imzalanması demək deyil. Azərbaycanın mövqeyi prinsipialdır: sülh yalnız siyasi bəyanatlara deyil, hüquqi baxımdan etibarlı və davamlı təminatlara əsaslanmalıdır.
Əslində, məsələ Konstitusiyanın neçə maddəsinin dəyişdirilməsində deyil. Əsas sual budur: Ermənistan nəhayət Azərbaycanla sülh şəraitində yaşamağı öz dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə çevirəcəkmi?
Çünki sülh müqaviləsini imzalamaq üçün siyasi iradə vacibdir. Lakin bununla məsələ bitmir”.
Müsahibimiz qeyd edib ki, sülhü davamlı etmək üçün həmin iradənin dövlətin hüquqi əsaslarında da öz əksini tapması şərtdir:
“Paşinyanın qarşıdakı müraciətinin tarixi əhəmiyyəti də məhz bundadır. Ermənistan ilk növbədə keçmişdən miras qalmış yanlış siyasi təsəvvürlərə və ərazi iddialarına arxa çevirməli, gələcəyə doğru irəliləməlidir.
Azərbaycan öz ərazilərini işğaldan azad edib, suverenliyini tam bərpa edib. İndi Ermənistan öz gələcəyi ilə bağlı qərar verməlidir”.