Almaniya Cənubi Qafqaz uğrunda rəqabətə qoşulur: Bakı Berlin üçün niyə vacibdir? - ŞƏRH

Azərbaycan ilə Almaniya arasında münasibətlər son dövrlərdə yeni məzmun qazanaraq siyasi dialoqdan iqtisadiyyat, enerji və nəqliyyat sahələrində daha geniş əməkdaşlığa doğru inkişaf edir. Prezident İlham Əliyevin iyul ayında Almaniyaya rəsmi səfəri və həmin səfər çərçivəsində Strateji Tərəfdaşlıq Gündəliyi haqqında Birgə Bəyannamənin imzalanması ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olub. Noyabrın 17-də Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Bakıya səfəri və Prezident İlham Əliyevlə görüşü isə bu əməkdaşlığın davamlılığını və tərəflərin qarşılıqlı marağını bir daha nümayiş etdirib.

Görüş zamanı siyasi, iqtisadi, investisiya, biznes, ənənəvi və alternativ enerji, nəqliyyat, logistika və turizm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub. Xüsusilə Azərbaycanın bu ildən Almaniyaya təbii qaz ixracına başlaması ikitərəfli münasibətlərdə yeni istiqamət açır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Almaniya ilə əlaqələrin strateji əhəmiyyətini artıran əsas amillərdəndir.

Bununla yanaşı, Azərbaycanın Orta Dəhlizdəki mövqeyi və Şərqlə Qərb arasında nəqliyyat-logistika əlaqələrinin qurulmasında oynadığı rol da Almaniyanın diqqət mərkəzindədir. Berlin üçün Azərbaycan yalnız enerji təchizatçısı deyil, həm də Avrasiya məkanında iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm tərəfdaşdır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a açıqlamasında bildirib ki, Almaniya digər Avropa İttifaqı üzvləri ilə bir çox xarici siyasət məqsədlərini bölüşsə də, onların strateji prioritetləri, geosiyasi ambisiyaları və beynəlxalq münasibətlərə yanaşmaları arasında ciddi fərqlər mövcuddur:

“Məsələn, Almaniya daha çox iqtisadi təhlükəsizliyə, sabitliyə, çoxtərəfli diplomatiyaya və transatlantik əməkdaşlığa üstünlük versə də, Fransada strateji muxtariyyət, geosiyasi təsir imkanları, hərbi müstəqillik və Avropada liderlik iddiası kimi tamamilə fərqli yanaşmalar müşahidə olunur. Yəni Almaniya ənənəvi olaraq daha çox iqtisadi və diplomatik güc, Fransa isə hərbi və geosiyasi güc kimi çıxış edir.

Almaniyanın çoxtərəfli diplomatiyaya üstünlük verməsi bir çox problemlərin həllində beynəlxalq təşkilatların və institutların imkanlarından istifadə etməyə çalışmasından xəbər verir. Eyni zamanda, Almaniyanın xarici siyasəti iqtisadi maraqlarla sıx əlaqələndirilir. Regionumuz kontekstində isə Almaniyanın Cənubi Qafqaza, regional təhlükəsizliyə və Azərbaycanla münasibətlərə yanaşmasında fərqli prioritetlər görünür. Almaniya daha çox praqmatik ikitərəfli tərəfdaşlığa üstünlük verir. Buraya enerji təhlükəsizliyi, enerji mənbələrinin şaxələndirilməsi, sənaye və investisiya əməkdaşlığı, Orta Dəhliz və nəqliyyat bağlantıları, regional sabitlik və təhlükəsizlik, eləcə də Cənubi Qafqazda iqtisadi əməkdaşlıq daxildir”.

Bütün bu amilləri nəzərə alan politoloq Almaniyanın xarici işlər naziri Yohann Vadefulun Azərbaycana səfərini və Prezident İlham Əliyevlə görüşünü Azərbaycan-Almaniya münasibətlərinin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirib:

“Əvvəla, bu səfər ölkələr arasında münasibətlərin yeni strateji gündəlik əsasında inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin bu ilin iyul ayında Almaniyaya rəsmi səfəri baş tutub və həmin səfər zamanı Strateji Tərəfdaşlıq Gündəliyi haqqında Birgə Bəyannamə imzalanıb. Düşünürəm ki, xarici işlər nazirinin səfəri həmin bəyannamənin praktiki müstəvidə həyata keçirilməsi baxımından qarşımızda yeni imkanlar açır.

Rusiya-Ukrayna müharibəsindən sonra Almaniya enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bu istiqamətdə Azərbaycan Almaniya üçün mühüm enerji tərəfdaşına çevrilir. 2026-cı ildən Azərbaycan qazının Almaniyaya ixracına başlanması ikitərəfli enerji münasibətlərində yeni mərhələ kimi qiymətləndirilməlidir. Bərpaolunan enerji və yaşıl hidrogen sahəsində əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur və hər iki tərəf bu imkanlardan maksimum faydalanmaqda maraqlıdır.

İkincisi, düşünürəm ki, münasibətlərdə Orta Dəhliz çox mühüm əhəmiyyət kəsb edir. Çünki Mərkəzi Asiyaya marağın artması Almaniyanı digər aktorlardan geri qalmamaq və rəqabətdə iştirak etmək baxımından təşviq edir. Azərbaycan Almaniya üçün sadəcə enerji tədarükçüsü deyil, həm də Mərkəzi Asiyaya çıxış imkanıdır. Azərbaycanın coğrafi mövqeyi, Xəzər dənizinə çıxışı, Ələt limanı və nəqliyyat infrastrukturu, şübhəsiz ki, Orta Dəhlizin inkişafında ölkəmizin rolunu artırır.

Cənubi Qafqazda geosiyasi maraqlar üzərində rəqabət gedir və Almaniya bu rəqabətdən kənarda qalmaq istəmir. Bu baxımdan, regionda sülhün və sabitliyin təmin olunmasını, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin davam etdirilməsini dəstəkləyir. Vadeful çox önəmli bir fikir səsləndirdi: tərəflər özləri nəticəyə nail olmalıdırlar. Deməli, Almaniya həm Bakıya, həm də İrəvana səfər etməklə regionda diplomatik iştirakını genişləndirməkdə maraqlıdır. Heç şübhəsiz ki, bu, həm də iqtisadi əməkdaşlıq imkanlarının artırılması niyyətindən xəbər verir. Cənubi Qafqaz dövlətlərinin gələcək siyasi və iqtisadi seçimlərinin kənar güclərin təsiri ilə deyil, öz suveren qərarları əsasında müəyyən edilməli olduğu fikri olduqca diqqətçəkicidir”.

Ş. Həsənovanın sözlərinə görə, Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın Avropa siyasətində çoxvektorlu yanaşma ortaya qoyduğunu göstərir:

“Deməli, Avropa İttifaqının hər bir üzvü ilə eyni siyasi və geosiyasi prioritetlər mövcud deyil. Burada fərqli baxışlar, yanaşmalar və yollar var. Bakı-Berlin münasibətlərinin inkişafını yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Burada söhbət Avropa ilə Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya arasında formalaşan yeni geoiqtisadi və geosiyasi proseslərdən gedir. Bu istiqamətdə Azərbaycan mühüm bağlantı və həlqə kimi dəyərləndirilir.

Xarici işlər naziri ilə keçirilən mətbuat konfransında istər Türkiyə, istərsə də müxalifət nümayəndəsi ilə bağlı ünvanlanan suallar Almaniyanın mövqeyini daha dərindən anlamağa imkan verir. Almaniya məsələlərə detallı yanaşır”.

Qalereya