Ermənistan və Azərbaycan sərhədyanı çayların sularından birgə istifadə sahəsində əməkdaşlıq edə bilər.
Sherg.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
Paşinyan qeyd edib ki, iki ölkə arasında sülh gündəliyinin həyata keçirilməsi çərçivəsində sərhədyanı çayların sularından birgə istifadə məsələsində də əməkdaşlıq mümkündür.
“Bəzi çaylar hər iki ölkənin ərazisindən keçir. Müəyyən ekoloji standartlar və digər məsələlər mövcuddur. İran və Türkiyə ilə də bu cür əməkdaşlıq təcrübəsi var”, – deyə Paşinyan vurğulayıb.
Ermənistan baş naziri Azərbaycanla bu istiqamətdə işçi qruplarının formalaşdırıldığını, lakin hələlik görüşlərin keçirilmədiyini bildirib.
Qeyd edək ki, Ermənistan və Azərbaycan liderlərinin görüşü Avropa Siyasi Birliyinin 9-cu sammiti çərçivəsində Dublində baş tutub. Tərəflər sərhədyanı çaylardan birgə istifadə məsələsini də müzakirə ediblər.