Fərhad Bədəlbəyliyə siyasi irad: “Hər kəs öz sahəsi ilə məşğul olsun”

  • “Türkiyə ilə Azərbaycanı adi dövlətlər kimi müqayisə etmək olmaz”

Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı xalq artisti Fərhad Bədəlbəylinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyinə dair səsləndirdiyi fikirlər də diqqət çəkib. Onun çıxışında Türkiyə Prezidentinin mövqeyini şərh edərkən “mat” ifadəsini işlətməsi müxtəlif reaksiyalara səbəb olub.

Sənət adamlarının ictimai-siyasi məsələlərlə bağlı mövqeləri, eləcə də bu cür açıqlamaların iki ölkə arasındakı münasibətlərin ictimai müstəvidə təqdimatına mümkün təsirləri müzakirə mövzusuna çevrilib.

Ağ Partiyanın sədri Tural Abbaslı Fərhad Bədəlbəylinin səsləndirdiyi fikirləri yersiz və ölçüsüz hesab etdiyini bildirib.

Sherg.az xəbər verir ki, partiya sədri açıqlamasında iki dövlət arasındakı münasibətlərdən danışarkən diqqətli olmağın vacibliyini vurğulayıb:

“Xüsusilə də söhbət Türkiyədən və onun Prezidenti Rəcəb Tayyib Ərdoğandan gedirsə, daha diqqətli olmaq lazımdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyə rəhbərləri arasında münasibətlər yüksək səviyyədədir. Bu münasibətlər qarşılıqlı hörmətə və etimada əsaslanır.

Belə bir məqamda özünü ziyalı hesab edən şəxsin məsələyə bəsit yanaşaraq kiminsə məğlub olduğunu, kiminsə qalib gəldiyini, kiminsə mat qaldığını və ya şah olduğunu deməsi doğru deyil. Hər kəs öz sahəsi ilə məşğul olsa, daha yaxşı olar.

İncəsənət adamı öz fikirləri və fəaliyyəti ilə məhz incəsənət sahəsində ictimaiyyətin diqqətini cəlb etsə, daha faydalı olar. Siyasi analitik və ya beynəlxalq siyasət üzrə şərhçi kimi fikir bildirmək isə tamamilə başqa məsuliyyət tələb edir”.

Partiya sədri bildirib ki, Türkiyə-Azərbaycan münasibətlərinə digər dövlətlər arasındakı adi münasibətlər kimi yanaşmaq böyük səhvdir:

“Əgər Fərhad Bədəlbəyli bu cür məsələlərə həssas yanaşırsa, o zaman Rusiyanın da vaxtilə Türkiyə qarşısında geri çəkildiyini, Vladimir Putinin üzr istəmək məcburiyyətində qaldığını eyni məntiqlə qiymətləndirməli idi. Lakin burada əsas məsələ Türkiyə ilə digər dövlətləri müqayisə etmək deyil, Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini düzgün anlamaqdır.

İki dövlət arasında qardaşlıq siyasəti yürüdülürsə, bu münasibətlərdə qalib və məğlub anlayışları axtarmaq düzgün deyil. İki qardaş arasında biri qalib, digəri məğlub olmur. Ya hər ikisi qalib gəlir, ya da hər ikisi məğlub olur”.

Tural Abbaslı səsləndirilən fikirləri qəbuledilməz hesab etdiyini bildirərək əlavə edib:

“Tövsiyəm odur ki, hər kəs öz peşə sahəsi üzrə fəaliyyət göstərsin və ictimai müzakirələrdə də məhz öz sahəsinin bilik və təcrübəsinə əsaslansın”.